Azərbaycanlı gənclərin Fransada təhsil imkanları genişlənir

Azərbaycanlı gənclərin Fransada təhsil imkanları genişlənir ​SOCAR və “Total” şirkətlərinin birgə həyata keçirdiyi Fransada təhsil layihəsinin iştirakçıları ilə görüş olub
Energetika
18 Dekabr , 2014 19:59
Azərbaycanlı gənclərin Fransada təhsil imkanları genişlənir

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və “Total” şirkətlərinin birgə həyata keçirdiyi Fransada təhsil layihəsinin iştirakçıları ilə görüş olub. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Görüşü giriş sözü ilə açan kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov SOCAR-ın Xarici Təqaüd Proqramı üzrə Fransada təhsil almış və hazırda təhsillərini davam etdirən məzun və tələbələri, eləcə də Daxili Təqaüd Proqramının məzun və iştirakçılarını salamlayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2005-ci ildən SOCAR-da təqaüd proqramları uğurla həyata keçirilir. Bu müddət ərzində xarici universitetlərdə 250 azərbaycanlı gəncin təhsili maliyyələşdirilib, Azərbaycanın müxtəlif ali təhsil məktəblərinin 1681 tələbəsinə SOCAR-ın adlı təqaüdü verilib. Təqaüd Proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün yaradilmiş imkanlar haqqında məlumat verilib, qeyd olunub ki, şirkətin fəaliyyət coğrafiyası genişləndikcə müasir biliklərə yiyələnmiş fransız dilli mühəndis kadrlara da ehtiyac artır. Gələcəkdə SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdə belə kadrların bilik və bacarıqlarından istifadə olunacaq. “Total” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Döni La-Marşal bildirib ki, Təqaüd Proqramı çərçivəsində Fransa universitetlərində neft-qaz sənayesi üçün geofizika mühəndisliyi, geologiya mühəndisliyi, neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı mühəndisliyi, ekologiya mühəndisliyi və digər ehtiyac duyulan ixtisaslar üzrə yerli kadrların hazırlanması məqsədi ilə 2015-2016-cı tədris ili üçün yeni müsabiqə elan olunub. 2015-ci ilin fevralında başlayacaq müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Döni La-Marşal qeyd edib ki, təhsillərini davam etdirmək istəyən gənclər üçün “Total” şirkətinin hesabına fransız dili kursları təşkil edilir. Görüşün sonunda gənc mütəxəssis və tələbələrin sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi