​SOCAR: Qaz ixracında Rusiya ilə rəqabətə girmək qeyri-mümkündür

​SOCAR: Qaz ixracında Rusiya ilə rəqabətə girmək qeyri-mümkündür İsrail və Kiprin gələcəkdə Avropaya mümkün qaz ixracı Rusiya və Azərbaycana təsir edə bilər
Energetika
19 Fevral , 2015 14:00
​SOCAR: Qaz ixracında Rusiya ilə rəqabətə girmək qeyri-mümkündür

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan hasil etdiyi təbii qazın Avropa bazarına çıxarılması sahəsində Rusiya ilə rəqabətə girmir. Bunu "Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov "Şahdəniz" qazının Avropanı Rusiyanın qaz inhisarından xilas edəcəyi ilə bağlı fikirləri şərh edərkən deyib: "Rusiya ilə rəqabətə girmək qeyri-mümkündür”.

D.Məmmədovun sözlərinə görə, "Şahdəniz" qazı ilə Rumıniya və Bolqarıstanın qaza olan tələbatını ödəmək mümkündür: "Doğrudur ki, "Şahdəniz" qazı Rumıniya və Bolqarıstan kimi ölkələrin qaz tələbatını ödəyə bilər. Amma bizim 10 mlrd. kubmetrlik qazımız bu gün Rusiyanın 140 mlrd. kubmetrlik qaz ixracı ilə müqayisə edilə bilməz. Bu gün biz Bolqarıstanın 2 mlrd. kubmetrlik tələbatını təmin edə bilərik. Amma Bolqarıstan inkişaf etdikcə, əlavə həcmdə qaz istəyə bilər. Və əgər Azərbaycana müraciət olunarsa, bu zaman Azərbaycan o tələbatı ödəyə bilməyəcək, çünki Azərbaycan qazı artıq bölünüb. Deməli, yeni yataqlar istifadəyə verilməlidir, yaxud boru kəmərinin gücü artırılmalıdır. İlkin mərhələdə ixracın həcmi 10 mlrd. kubmetr olacaq. Ola bilsin ki, sonra həcm 25-30 mlrd. kubmetrə çatdırılsın".

SOCAR rəsmisi Cənub Qaz Dəhlizi ilə başqa ölkələrin təbii qazının ixrac edilməsinin mümkün olmayacağını da deyib: "Qaz kəməri çəkilərkən ötürüləcək qazın həcminə uyğun kompressor stansiyaları qoyulur. Əgər sən həcmi artıracaqsansa onda kompressorları da artırmalısan. Əgər bu kəmər 10 mlrd. kubmetr üçün nəzərdə tutulubsa və kimsə 100% yüklənmiş boru kəmərinə qoşulmaq istəsə, bu, mümkün olmayacaq. Biz yalnız torpaqbasdı pulu ödənilməklə onlara dəhliz verə bilərik. Həm də belə ölkələrin sayı da çox azdır. Məsələn, İran bizə qaz verməz, çünki Türkiyəyə birbaşa qaz nəql edir. Türkmənistan bu dəqiqə qazını satır Çinə və bu bazar inkişaf edir". 

D.Məmmədov hesab edir ki, ixracın effektiv təşkili üçün satış bazarının yaxın olması vacib şərtlərdən biridir: "Bazar gərək yaxın olsun ki, nəqliyyat xərcləri az olsun. Biz bu gün Çin bazarına da çıxa bilərik, amma nə xeyri var, xərci xeyrindən çoxdur. O bazarda Türkmənistanla rəqabət aparmaq mümkün deyil. Bizə bu gün Türkiyə və Avropa bazarına çıxmaq lazımdır. Rusiya Avropada nə qədər az qaz satarsa, Azərbaycan da bir o qədər satış həcmini artıra bilər. Türkiyə heç kimdən asılı olmaq istəmir və Əlcəzairdən maye qaz alır. Bir sözlə, hamı bu dəqiqə çalışır ki, işi asan və ucuz başa gəlsin".

Bundan başqa, SOCAR rəsmisi Azərbaycanın Avropa qaz bazarında gələcək rəqiblərinin Rusiya ilə yanaşı İsrail və Kiprin ola biləcəyini də açıqlayıb: “Təbii ki, boru kəmərinin çəkilişi müəyyən bir riskdir. Deyilənə görə, İsrail və Kiprdə yeni qaz yataqları kəşf edilib. Gələcəkdə həmin qazın mayeləşmiş şəkildə və ya boru kəməri vasitəsi ilə Avropaya ixracı təbii ki, həm Rusiya, həm də Azərbaycana təsir edəcək. Lakin bu məsələ, həm də Avropanın gələcəkdə qaz tələbatından da asılı olacaq. Bəlkə heç o qaz da Avropanın tələbatını ödəməyəcək".

Son xəbərlər

Orphus sistemi