SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək “SOCAR Rumıniyada investisiya proqramını uğurla icra edir"
Energetika
8 Sentyabr , 2016 16:21
SOCAR Rumıniyada 35-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

Buxarest. 8 sentyabr. REPORT.AZ/ “Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümü və “Neftçilər Günü” ərəfəsində SOCAR Rumıniyada sayca 35-ci yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verəcək. Bu barədə “Report”un Şərqi Avropa bürosuna SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov məlumat verib. 

Həmzə Kərimov əlavə edib ki, bununlada paytaxt Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqələrin sayı 3-ə çatacaq. “SOCAR Rumıniyada investisiya proqramını uğurla icra edir. Bu gün biz, artıq fəxrlə deyə bilərik ki, SOCAR Rumıniyanın enerji bazarında öz yerini möhkəmləndirib və digər bazar oyunçularından heç də geri qalmır. “Neftçilər günü” ərəfəsində istifadəyə verəcəyimiz yeni YDM Buxarest dairəvi yolunda yerləşir. Həmçinin bu məntəqənin özəlliyi ondan ibarətdir ki, YDM Bolqarıstan, Moldova, Macarıstan və Ukraynaya gedən magistral yolların üzərindədir”, - o deyib.

Yeni istifadəyə veriləcək məntəqədə 3 sayğac quraşdırılıb. Bu da 6 nəqliyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsi deməkdir. 

Qeyd edək ki, Rumıniya üzrə ilk dəfə olaraq məhz “SOCAR” məntəqələrində elektromobillərin enerji ilə təminatı həyata keçirilir. Burada həmçinin bir sıra ödənişlərin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılacaq, eləcə də 24 saat ATM xidməti fəaliyyət göstərəcək. Müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təklif olunacaq.

Xatırladaq ki, SOCAR Rumıniyanın artıq 16 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Son xəbərlər

Orphus sistemi