Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ilin yanvar-oktyabr aylarında Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa marşrutları üzrə dünya bazarlarına 20,657 mln. ton neft ixrac edib. Bu, ötən ilin yanvar-oktyabr aylarındakı göstəricidən 1,9% çoxdur. Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Hesabat dövründə Bakı-Novorossiysk boru kəməri ilə 10 ay ərzində 847,352 min ton neft ixrac olunub.
Bakı-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində hasil olunan "AzeriLight" markalı mənfəət nefti ixrac olunur.
Mənfəət neftinin ixrac həcmi 10 ay ərzində 19,809 mln. ton təşkil edib. Onlardan Bakı-Supsa marşrutu ilə 2,533 mln. ton, Bakı-Ceyhan boru kəməri ilə 17,276 mln. ton neft ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə mənfəət neftinin ixracı 5,5% artıb.
Qeyd edək ki, mənfəət nefti "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsində iştirak payından asılı olaraq layihənin səhmdarları arasında bölünür.