Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin mart ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 79 678 ton xam neft ixrac edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin mart ayından 53% az olub.
Ümumilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından ixrac olunan xam neftin həcmi 79 936 ton təşkil edib.
Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında 2016-cı ilin fevral ayının sonunda rəsmiləşdirilib.
Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Qara dənizin Novorossiysk limanına Rusiya ərazisindən keçməklə nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.