​SOCAR-ın dənizdə fəaliyyət sahələrində yaz-yay mövsümü üzrə ekoloji monitorinqlər başa çatıb

​SOCAR-ın dənizdə fəaliyyət sahələrində yaz-yay mövsümü üzrə ekoloji monitorinqlər başa çatıb Ekoloji monitorinqlər zamanı götürülmüş nümunələrin laborator təhlillərindən dəniz biomüxtəlifliyinin artımı müşahidə edilib
Energetika
20 İyul , 2016 17:41
​SOCAR-ın dənizdə fəaliyyət sahələrində yaz-yay mövsümü üzrə ekoloji monitorinqlər başa çatıb

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki müəssisələrinin Xəzərin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və neft-qaz yataqları ərazisində ətraf mühitin ekoloji göstəricilərinin təyin olunması məqsədilə yaz-yay mövsümü üzrə keçirilmiş ekoloji monitorinqlər başa çatdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, monitorinq tədqiqatları “Ətraf Mühitin Mühafizəsi haqqında” Qanunun, beynəlxalq konvensiyaların, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”nin və SOCAR-ın Ekoloji Siyasət sənədinin tələblərinə uyğun olaraq neft-qaz yataqlarının yerləşdiyi ərazilər üzrə əvvəlcədən tərtib olunmuş monitorinq planına əsasən yerinə yetirilib.
Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada okeanoloji parametrlər ölçülüb, su, dib çöküntüləri, fitoplankton və zooplankton nümunələri götürülüb və fiksasiya edilib. Ekspedisiya gəmisində quraşdırılmış səyyar laboratoriyada analitik cihazlar vasitəsilə nümunələrdə bir sıra fiziki parametrlər - hidrogen ionlarının qatılığı (pH), oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperatur təyin olunub. Götürülmüş nümunələr kodlaşdırılaraq, daha ətraflı təhlillər üçün Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. "Laboratoriyada aparılmış analitik tədqiqatların nəticələri daxil edilməklə hər bir yataq üzrə mövcud ekoloji vəziyyət, flora və fauna, su və dib çöküntüləri nümunələrində çirklənmə səviyyəsi öyrənilir. Son illər bu sahədə aparılmış işlərin, xidmət keyfiyyətinin, nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində dəniz akvatoriyasının çirklənməsinin qarşısı alınıb, həmçinin dəniz suyunun özünübərpa prosesinin sürətlənməsinə imkan yaranıb. Ekoloji monitorinqlər zamanı götürülmüş nümunələrin laborator təhlillərindən dəniz biomüxtəlifliyinin artımı müşahidə edilib"-, məlumatda qeyd olunub.

Ekoloji monitorinq əsasında Coğrafi İnformasiya Sistemində tərtib edilmiş xəritələr, monitorinq və laboratoriya təhlilləri əsasında hesabatlar hazırlanır, sonra isə Ekoloji Məlumatlar Bazasına daxil edilərək arxivləşdirilir. 

Son xəbərlər

Orphus sistemi