SOCAR "Günəşli" və "Neft Daşları"ndakı qəza ilə bağlı göstərilmiş yardımlar barədə məlumat yayıb

SOCAR "Günəşli" və "Neft Daşları"ndakı qəza ilə bağlı göstərilmiş yardımlar barədə məlumat yayıb Mənzil növbəsində olan və “Neftçi” MTK tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin ödənişini SOCAR həyata keçirir
Energetika
1 Fevral , 2016 16:53
SOCAR Günəşli və Neft Daşlarındakı qəza ilə bağlı göstərilmiş yardımlar barədə məlumat yayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 4-də “Günəşli” və “Neft Daşları”nda baş vermiş qəza nəticəsində həlak olmuş, itkin düşmüş işçilərin ailələrinə və təxlis olunmuş işçilərə göstərilmiş yardımlar barədə məlumat yayıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, həlak olmuş və itkin düşmüş 33 nəfərin hər birinin ailəsinə aşağıdakı məbləğdə maddi yardım edilib: 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 15 000 manat; 

- SOCAR-ın vəsaiti hesabına 5 000 manat;

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 1 000 manat;

- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 1 000 manat;

Bununla yanaşı, qəza nəticəsində 11 nəfər həlak olmuş şəxslərlə bağlı göstərilən yardımlar:

- dəfn mərasimləri SOCAR-ın aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə təmin olunub, dəfn və məzar daşlarına çəkilən xərclər SOCAR-ın vəsaiti hesabına həyata keçirilir; 

- hər bir ailəyə “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.1. bəndinə əsasən 2 100 manat maddi yardım verilib; 

- hər bir ailəyə Əmək Məcəlləsinə uyğun olaraq orta əməkhaqqının üç misli miqdarında müavinət ödənilib;

- “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”nin 4.1.4. bəndinə əsasən, azyaşlı uşaqları 18 (əyani qaydada təhsil alırsa 23) yaşa çatanadək hər birinə görə - uşaqlara himayəlik edən ailə üzvlərindən birinə - ayda 262,5 manat maddi yardım verilməsi nəzərdə tutulur.

Qəza nəticəsində təxlis olunmuş işilərə aşağıda göstərilən yardımlar edilib: 

- SOCAR-ın vəsaiti hesabından Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzində müalicə alan bir nəfərə 3 000 manat, 32 nəfərə isə hər birinə 1 000 manat; 

- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 500 manat;

- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 500 manat;

Həmçinin, mənzil növbəsində olan və “Neftçi” mənzil-tikinti kooperativi (MTK) tərəfindən mənzillə təmin olunmuş 3 nəfərin (İman Şura oğlu Qasımovun - 31 756,07 manat, Bəhmən Nadir oğlu Cəfərovun - 15 523,70 manat, Əbdüləziz İsmayıl oğlu Əbdüləzizovun - 70 234,50 manat; cəmi - 117 514,30 manat) ödənişi SOCAR tərəfindən həyata keçirilir.

Bundan əlavə, həlak olmuş və itkin düşmüş ailələrin sosial durumunu yaxşılaşdırmaq məqsədilə ailə üzvlərindən bir nəfərinin ixtisas (peşə) və iş təcrübəsinə uyğun SOCAR-ın müəssisə və təşkilatında vakant yerlərə müstəsna hal kimi müsabiqə proseduru tətbiq edilmədən müvafiq işlə təmin olunması, ehtiyac olarsa, SOCAR-ın Təlim mərkəzlərində onların hazırlanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi