​ SOCAR Fransanın “Axens” şirkəti ilə dizel və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalayıb

​ SOCAR Fransanın “Axens” şirkəti ilə dizel və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalayıb Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru, qarşı tərəfdən “Axens” şirkətinin baş icraçı direktoru imzalayıblar
Energetika
28 Oktyabr , 2015 16:24
​ SOCAR Fransanın “Axens” şirkəti ilə dizel və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalayıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində SOCAR və Fransanın “Axens” şirkəti arasında dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilələrin imzalanma mərasimi keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, “Axens”in baş icraçı direktoru Jan Sentenak (Jean Sentenac), satış üzrə direktoru Fabyen Landi (Fabien Lundy), Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbirdə R.Abdullayev bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşməsi ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda "Euro-5" standartına cavab verən daha yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulur.

Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi zavod təsərrüfatının yenidən qurulması və bir neçə yeni qurğunun - bitum istehsalı, dizel hidrotəmizləmə, hidrogen istehsalı qurğusu, aminlə təmizləmə, "LPG Merox", isomerizasiya, nafta və katalitik krekinqdən alınan benzin fraksiyasının hidrotəmizlənməsi, kükürd istehsalı və s. qurğuların inşası planlaşdırılır.

Bununla əlaqədar, NEZ-in strukturuna daxil olan qurğular üzrə lisenziyaların alınması və eləcə də layihələndirmə xidmətlərinin yerinə yetirilməsi istiqamətində işlərə başlanılıb və danışıqların nəticəsi olaraq oktyabr-noyabr aylarında müqavilələrin imzalanması nəzərdə tutulur.

Məlum olduğu kimi, yeni tikiləcək bitum qurğusunun lisenziyasının alınması ilə əlaqədar keçən həftə Avstriyanın “Poerner” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Digər əsas qurğular üzrə lisenziyanın alınması və Texnoloji Layihələndirmə Paketinin hazırlanması istiqamətində aparılmış araşdırma nəticəsində dizelin və benzinin hidrotəmizlənməsi qurğuları üzrə dünyada qabaqcıl təcrübəyə malik “Axens” şirkəti lisenziar kimi seçilib. Daha sonra qeyd olunub ki, SOCAR uzun müddətdir “Axens” şirkəti ilə əməkdaşlıq etməkdədir, Türkiyədə tikilən "Star" neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilir.

“Axens”in baş icraçı direktoru J.Sentenak SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib, yeni qurğunun inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür edib.

Sonra dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalanıb. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “Axens”in baş icraçı direktoru J.Sentenak imzalayıblar.

Son xəbərlər

Orphus sistemi