SOCAR-da neftçilərə orden və medallar təqdim olunub

SOCAR-da neftçilərə orden və medallar təqdim olunub Şirkətin prezidenti Rövnəq Abdullayev: "SOCAR-ın 2015-ci ildə başlayacağı layihələr çoxdur"
Energetika
8 Dekabr , 2014 14:32
SOCAR-da neftçilərə orden və medallar təqdim olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işində fərqləndiyinə görə dövlət başçısı tərəfindən mükafatlandırılan neftçilərə fəxri adlar, orden və medalların təqdimetmə mərasimi keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, həmin şəxslər sentyabrın 20-də Neftçilər Günü və Neft Daşlarının noyabrda qeyd edilən 60 illiyi münasibəti ilə prezident İlham Əliyevin sərəncamı ilə təltif olunublar.

R.Abdullayevin sözlərinə görə, Azərbaycanda neft sənayesinin inkişafı bundan sonra da davam etdiriləcək. O, həmçinin tezliklə Qaradağ rayonunda yeni qaz emalı zavodunun tikintisinə başlanacağını açıqlayıb: "SOCAR-ın 2015-ci ildə başlayacağı layihələr çoxdur. Onlardan biri də gələn il əsası qoyulacaq yeni neft-qaz emalı kompleksidir ki, ilkin hesablamalara görə, onun tutumu 8 mlrd. dollardır".

“Ümumiyyətlə, bizim icra edəcəyimiz layihələr çoxdur. Həmçinin TAP, TANAP və "Şahdəniz-2"-nin ümumi tutumu 48 mlrd. ABŞ dolları olacaq", - deyə SOCAR prezidenti əlavə edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 19 sentyabr 2014-cü il tarixli sərəncamı ilə bir sıra neftçilərə fəxri adlar, orden və medallar təltif edilib.

Son xəbərlər

Orphus sistemi