“SOCAR-CNG” məktəbliləri yeni alternativ yanacaq növləriylə tanış edib

“SOCAR-CNG” məktəbliləri yeni alternativ yanacaq növləriylə tanış edib Gələcəkdə müəssisənin fəaliyyəti ilə bağlı tələbələr və şagirdlər üçün ekskursiyalar mütəmadi keçirilə bilər
Energetika
19 Mart , 2016 15:50
“SOCAR-CNG” məktəbliləri yeni alternativ yanacaq növləriylə tanış edib

Bakı. 19 mart. REPORT.AZ/ Novruz bayramı ərəfəsində Azərbaycanda sıxılmış təbii qazın (STQ) istehsalını və satışını həyata keçirən “SOCAR-CNG” MMC tərəfindən “Bakı Modern Məktəbi”nin 3-cü və 4-cü sinif şagirdləri üçün Azərbaycanda yeni və alternativ yanacaq növləri mövzusunda ekskursiya keçirilib.

"Report" xəbər verir ki, məktəblilər ingilis bölməsində təhsil aldıqları üçün ekskursiya zamanı məlumatlar da inglis dilində təqdim olunub.

Ekskursiya "SOCAR-CNG" MMC-nin Zığ-Hövsan STQ Terminal stansiyası ərazisində həyata keçirilib. Ekskursiya müddətində məktəblilər STQ Terminal stansiyasının texnoloji prosesi və avadanlıqları, STQ yanacağı istehsalının xüsusiyyətləri və təhlükəsizlik qaydaları ilə tanış olublar. Xüsusi olaraq Zığ-Hövsan STQ Terminal stansiyanın qonaqları STQ yanacağının ekoloji təmizliyi və təhlükəsizliyi haqqında məlumat alıblar.

Şagirdlər böyük maraqla qarşılanan ekskursiya haqqında təəssüratlarını bölüşüblər.

“Bakı Modern Məktəbi”nin 3 sinif şagirdi Elcan Əhmədzadə ekskursiyanın çox maraqlı olduğunu bildirib: "Biz orada çoxlu qurğular və borular gördük. Aşağıdakı borularda 3 000 litr su var idi. Mühəndis izah etdi ki, bu qədər su təhlükəsizliyi təmin etmək üçündür”.

Məktəbin 3-cü sinfində oxuyan Aytac Talişinskaya da “SOCAR-CNG” MMC-nin təşkil etdiyi ekskursiyanın çox maraqlı olduğunu və STQ Terminal stansiyası ərazisində çoxlu motor mühərrikləri və kompressorları gördüyünü qeyd edib: "Mühəndis mühərriki işə saldı və bir müddət biz mühərriki dinlədik. O bizə kompressorun səs siqnalının səviyyəsini avtomatik olaraq kontrol etmək üçün cihaz olduğunu izah etdi”. 

“Bakı Modern Məktəbi”nin 4-cü sinif şagirdi Nihad Əlizadə “SOCAR-CNG” MMC-yə baş çəkdiklərini və əraziyə daxil olduqdan sonra mühəndislərin bir çox maraqlı izahatlar verdiyini qeyd edib: "Biz “SOCAR-CNG” MMC-nin 2013-cü ilin oktyabr ayında SOCAR-ın təsisçiliyi ilə yaradılmasını öyrəndik. Cəmiyyətin əsas məqsədi təbii qazın Azərbaycan ərazisində mühərrik yanacağı kimi tətbiq edilməsini təmin etməkdir. Biz öyrəndik ki, təbii qaz mühərrik yanacağı kimi iki formada tətbiq edilə bilər: 1) Sıxılmış Təbii Qaz (STQ); 2) Mayeləşdirilmiş Təbii Qaz (MTQ)”. 

Məktəbin 4-cü sinif şagirdi Nuray İsmayılova bildirib ki, mühəndis bizə "SOCAR-CNG" MMC-nin ən qabaqcıl texnologiyalardan yararlanaraq, müasir avadanlıqlarla təchiz olunmuş aşağıdakı obyektləri qurmağı planlaşdırdığını izah edib:

  • 1.Avtomobillərə Sıxılmış Təbii Qaz Doldurma Stansiyaları şəbəkəsi;
  • 2.Avtomobilləri Təbii qaz yanacağına konversiya etmək üçün Servis Mərkəzləri;
  • 3.Mayeləşdirilmiş Təbii Qaz İstehsalı zavodu;
  • 4.Avtomobillərə, Dəmiryolu nəqliyyatına və Gəmilərə Mayeləşdirilmiş Təbii Qaz Doldurma Stansiyaları şəbəkəsi.

Bu həqiqətən də çox ürəkaçandır. Çünki fikirləşin bu şəraitdə nə qədər ətraf mühiti qorumuş oluruq”.

Bu qədər müsbət təəssüratları nəzərə alaraq, “SOCAR-CNG” MMC-nin rəhbərliyi bildirib ki, gələcəkdə müəssisənin fəaliyyəti ilə bağlı tələbələr və şagirdlər üçün ekskursiyalar mütəmadi keçirilə bilər. 

Son xəbərlər

Orphus sistemi