​"SOCAR-AQŞ" beynəlxalq bazara çıxmaq niyyətindədir

​"SOCAR-AQŞ" beynəlxalq bazara çıxmaq niyyətindədir Şirkət son 3 ildə qazmanın orta kommersiya sürətini dörd dəfə artırıb
Energetika
21 Sentyabr , 2015 14:05
​SOCAR-AQŞ beynəlxalq bazara çıxmaq niyyətindədir

Bakı. 21 sentyabr. REPORT.AZ/ "SOCAR-AQŞ" MMC-nin yaxın gələcək üçün planı yeni layihələr olan ''Qərbi Abşeron'', ''Bulla-dəniz'' və ''Günəşli'' yatağındakı 7 saylı DDSÖ-də qazma işlərinə uğurla başlamaqla yanaşı, beynəlxalq bazara daxil olmaqdır. 

"Report" xəbər verir ki, bu barədə MMC-nin baş direktoru Ramin İsayev "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

O bildirib ki, tətbiq edilən yeniliklər sayəsində son 3 ildə qazmanın orta kommersiya sürəti dörd dəfə artıb, qazma əməliyyatlarında boşdayanmaların faizi isə sifarişçi tərəfindən müəyyən edilmiş 3%-lik göstəricidən xeyli aşağıdır.

"Qarşımıza məqsəd qoymuşuq ki, MMC Azərbaycan qazmaçılarının tarixi qabaqcıl rolunu müasir dövrdə bərpa etməlidir. Müəssisənin yaradılmasında məqsəd qabaqcıl qazma texnologiyalarından və müasir idarəetmə üsullarından istifadə etməklə təhlükəsiz və keyfiyyətli qazma işləri aparmaq, neft və qaz quyularını ən qabaqcıl beynəlxalq standartlara uyğun tikərək sifarişçi təşkilata təhvil verməkdir. Həmin dövrdən etibarən müəssisə ətraf mühitin mühafizəsini, mütəxəssislərinin sağlamlığını və təhlükəsizliyinin təminatını əsas götürməklə 40-dan çox yüksək debitli neft-qaz quyularını qazaraq sifarişçilərə təhvil verib", - deyə R.İsayev qeyd edib.

Şirkətin rəhbəri xatırladıb ki, "SOCAR-AQŞ" öz təcrübəsində ilk dəfə olaraq neft əsaslı məhlul sistemindən də istifadə edilməsini məhz 350 saylı quyunun qazma işlərində uğurla sınaqdan keçirib.

"Bu məhlul quyunun təmizlənməsinə və qazma sürətinin artmasına əhəmiyyətli dərəcədə öz töhfəsini verdi. Yeni texnologiyaların tətbiqi qazma sürətinin artmasında və il ərzində daha çox quyuların qazılıb sifarişciyə təhvil verilməsində əhəmiyyətli rol oynayır. "SOCAR-AQŞ" əldə edəcəyi bu təcrübədən bəhrələnərək gələcəkdə də yeni, müasir tipli avadanlıqların, texnologiyaların lazım gəldiyi hallarda alınması və tətbiqi sahəsində səylərini artıracaq", - deyə R.İsayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi