​SOCAR-AQŞ ADA Universiteti ilə əlaqələri genişləndirir

​SOCAR-AQŞ ADA Universiteti ilə əlaqələri genişləndirir Baş direktor Ramin İsayev tələbələri müəssisədə görməkdən məmnunluğunu bildirib
Energetika
14 İyun , 2016 19:02
​SOCAR-AQŞ ADA Universiteti ilə əlaqələri genişləndirir

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "SOCAR-AQŞ" MMC-də ADA Universitetinin Biznesin İdarəedilməsi, Kompüter mühəndisliyi və Beynəlxalq əlaqələr fakültələrinin bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri ilə görüş keçirilib. 

SOCAR-AQŞ-dən "Report"a verilən məlumata görə, görüş zamanı müəssisənin Baş direktoru Ramin İsayev tələbələri salamlayıb və onları müəssisədə görməkdən məmnunluğunu ifadə edib.

Baş direktor, SOCAR-AQŞ-nin tələbələr üçün elan etdiyi Təcrübə Proqramını onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli fürsət adlandırıb. Gələcəyin gənclərə məxsus olduğunu qeyd edən R. İsayev müasir tələblərə cavab verən məzunların hazırlanması üçün sənaye müəssisələri ilə təhsil mərkəzləri arasında sıx əməkdaşlığın zəruriliyini önə çəkib.

Müəssisənin Biznesin İnkişafı, İqtisadi Planlaşdırma və Təlim və Təkmilləşdirmə şöbələrinin məsul əməkdaşları müəssisənin faəliyyət sahələrinə dair maraqlı təqdimatlarla çıxış edib və tələbələrin suallarını cavablandırıblar.

Görüşdə müəssisənin yaranma tarixi, dəyərlər sistemi, fəaliyyət istiqamətləri, illər üzrə ümumi statistik göstəriciləri və sosial korporativ məsuliyət layihələrini özündə əks etdirən maraqlı video çarx nümayiş olunub.

ADA Universitetinin Karyera mərkəzinin direktoru Gülnur İsmayıl səmimi qəbula görə Baş direktora minnətdarlığını bildirib. Azərbaycanın aparıcı qazma müəssisələrindən biri olan SOCAR-AQŞ ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını ifadə edən mərkəzin direktoru bu sahədə çoxsaylı perspektivlərin olduğunu qeyd edib. O, ADA Universitetində həyata keçirilən yeni layihələr və məzun hazırlığından geniş danışaraq sənaye müəssisələri ilə konstruktiv əməkdaşlığın əhəmiyyətini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və ikitərəfli əməkdaşlığın daha geniş inkişaf perspektivləri barədə müzakirələr aparılıb. 

Sonda tələbələr təqdimatlardan məmnunluqlarını bildirərək görüşün təşkilinə görə SOCAR-AQŞ rəhbərliyinə təşəkkür ediblər.

SOCAR-AQŞ 2013-cü ildən etibarən tələbələr üçün Təcrübə Proqramı elan edir və müəssisə rəhbərliyi proqrama xüsusi diqqətlə yanaşaraq tələbələrin yay tətilinin mənalı təşkili, səmərəli istehsalat təcrübəsi keçməsi və gənc milli kadrların yetişdirilməsi üçün lazımi şəraiti yaradır.

Son xəbərlər

Orphus sistemi