​"Saxo Bank": WTI neftinin qiyməti 47-54 dollar diapazonunda dəyişəcək

​"Saxo Bank": WTI neftinin qiyməti 47-54 dollar diapazonunda dəyişəcək Ole Hansen: "Dünya bazarında neftin qiymətinin düşmə ehtimalı böyükdür"
Energetika
16 Aprel , 2015 16:28
​Saxo Bank: WTI neftinin qiyməti 47-54 dollar diapazonunda dəyişəcək

Bakı. 16 aprel. REPORT.AZ/ Dünya bazarında WTI markalı neftin qiymətinin son zamanlar müşahidə olunan müsbət tendensiyasına baxmayaraq, qiymətlərin düşmə ehtimalı böyükdür. "Report"un məlumatına görə, bunu "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

Onun sözlərinə görə, neftin hazırkı qiymətlərini 50-54 ABŞ dolları/barel civarında saxlayan bir sıra ziddiyyətli amillər var. Bunların sırasına Yəməndə baş verən hadisələr, İran neftinin dünya bazarındakı perspektivləri və s. aiddir.

"Dünya neft qiymətlərinin bərpa olunacağını şübhə altında qoyan məsələlərdən biri də Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin mart ayı ərzində neft hasilatını 2013-cü ilin avqust ayından etibarən ilk dəfə olaraq gündəlik 31 mln. barelə çatdırmasıdır", - O.Hansen bildirib.

Bank rəsmisi əlavə edib ki, İraq, İran və Liviya ay ərzində neft hasilatını artırıb. Rəsmi məlumatlara əsasən, Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı rekord - 10,3 mln. barelə çatıb. OPEC-in bəyanatına əsasən, müəyyən edilmiş 30 mln. barel kvotası artıq ardıcıl 10 aydır üstələnir.

İranın ali dini lideri ayətullah Əli Xamneyinin bütün sanksiyaların aradan qaldırılmayacağı halda yekun sazişin imzalanmayacağına dair bəyanatı İranın nüvə proqramı ilə bağlı məsələnin tez bir zamanda həllini tapacağına dair şübhələr yaradır. Belə ki, ABŞ sanksiyaların yalnız tədricən aradan qaldırılmasının mümkünlüyünü bildirib. Bu proseslər neftin son günlərdəki qiymətinin formalaşmasına təsir göstərir.

O.Hansen ABŞ-ın neft hasilatının nisbətən azalmasını qəbul edir, ancaq qeyd edir ki, neft qiymətlərində əhəmiyyətli dəyişikliklərin olması üçün ABŞ-ın neft ehtiyatlarının həcminin hazırkı göstəricilərdən aşağı enməsi tələb olunur.

Ötən həftə ABŞ-ın neft hasilatında nisbi azalma müşahidə olunsa da, bazar iştirakçıları fəaliyyətdə olan qazma qurğularının sayının 50% (oktyabrdan etibarən) azaldılmasının neft hasilatındakı əhəmiyyətli mənfi təsirin özünü büruzə verəcəyi anı gözləyirlər.

"Hazırda OPEC-in 31 mln. bareldən çox hasilatı, Rusiyanın neft hasilatını artırmaqda davam etməsi və ABŞ rezervuarlarının tam dolmasına 10-15% qalması şəraitində neft qiymətləri dar diapazonda hərəkət edir. Nəzərəçarpacaq dəyişikliklər üçün dünya bazarında neftə olan tələbin artması gərəkdir”, - O.Hansen bildirib.

"Saxo Bank"ın ekspertinin fikrincə, yekunda tələbin artacağı ehtimalı olsa da, WTI markalı neftin qiyməti yaxın gələcəkdə 47-54 dollar/barel aralığında qərarlaşacaq.

Son xəbərlər

Orphus sistemi