"​Şahdəniz-2" üçün yeni əsas müqavilələr imzalanıb

"​Şahdəniz-2" üçün yeni əsas müqavilələr imzalanıb Müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olacaq
Energetika
22 İyun , 2015 14:21
​Şahdəniz-2 üçün yeni əsas müqavilələr imzalanıb

Bakı. 22 iyun. REPORT.AZ/ "Şahdəniz" konsorsiumu və "Cənubi Qafqaz Boru Kəməri" şirkəti bu yaxınlarda "Şahdəniz-2" layihəsi çərçivəsində daha iki müqavilə imzalayıb. Bu barədə "Report"a "BP-Azerbaijan"ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçündür.

Açıqlamada göstərilir ki, bu müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.

Müqavilələrdən birincisi sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 mln. dollar dəyərində olan müqavilə "FMC Kongsberg Subsea AS" şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturları və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 mln. dollar dəyərində olan ikinci müqavilə "OneSubsea (UK) Ltd." şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.

Xatırladaq ki, "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) layihələri sürətlə irəliləyir. Azərbaycan və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyişlər əldə olunub.

Son xəbərlər

Orphus sistemi