Rusiya və Səudiyyə Ərəbistanı neftin qiyməti məsələsində yekun qərara gəlib

Rusiya və Səudiyyə Ərəbistanı neftin qiyməti məsələsində yekun qərara gəlib Sergey Lavrov: "Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətinin siyasiləşdirilməsinin əleyhinədir"
Energetika
22 Noyabr , 2014 17:09
Rusiya və Səudiyyə Ərəbistanı neftin qiyməti məsələsində yekun qərara gəlib
Bakı. 22 noyabr. REPORT.AZ/ "Rəsmi Moskva və Ər Riyad neftin qiymətinə yenidən baxmağa hazırdır. Lakin bu, siyasi güc nümayişi ilə olmamalıdır". "Report" xəbər verir ki, bunu cümə günü Moskvada Səudiyyə Ərəbistanı xarici işlər naziri, şahzadə Səud bin Feysəl bin Əbdüləziz Əl Səud ilə keçirdiyi görüşdən sonrakı mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: "Rusiya və Səudiyyə Ərəbistanı qiymətlərin bazar şərtlərinə, yəni tələb və təklifə uyğun tənzimlənməsinə razıdır. Burada heç bir siyasi və ya geosiyasi maraqlardan çıxış etmək olmaz".

Hər iki nazir həmçinin noyabrın 27-də Vyanada (Avstriya) keçiriləcək OPEC ölkələri rəsmilərinin görüşünə də münasibət bildiriblər. Həmin konfransda iştirak etmək üçün 12 üzv ölkə ilə yanaşı, qeyri-üzv dövlətlər, yəni Venesuela və Rusiya nümayəndələri də qatılacaq.

Birjalardan verilən məlumata görə, "Brent" markalı xam neft 2,03% bahalaşaraq 80,94 dollar/barelə çatıb. Bu isə noyabrın 14-dən sonra qeydə alınmış ən yüksək göstəricidir.

Xatırladaq ki, dünya bazarında xam neftin ən yüksək qiyməti bu ilin iyununda qeydə alınıb. Cari ilin iyununda neftin qiyməti 115 dollar/barel, oktyabrda 84 dollar/barel, noyabrın 13-də isə ən aşağı həddə - 77,50 dollar/barel olub.

Neft ixrac edən ölkələrin isə büdcə kəsirlərini aradan qaldırmaq üçün ehtiyacları olduqları qiymətlər bir-birindən fərqlənir. Belə ki, bir barel neftin qiymətinin 140 dollar olması İrana, 90,70 dollar olması Səudiyyə Ərəbistanına, 77,60 dollar olması Qətərə, 73,90 dollar olması isə Birləşmiş Ərəb Əmirliklərinə sərf edir.

Rusiya isə son aylar ərzində milli valyutasının (rubl) 45% ucuzlaşmasının da şahidi olub. Hazırda bir ABŞ dolları 45,52 rubla, bir avro isə 56,59 rubla dəyişdirilir.

Son xəbərlər

Orphus sistemi