Rövnəq Abdullayev: "Azərbaycan qazının çox hissəsi Avropaya çıxarıla bilər"

Rövnəq Abdullayev: "Azərbaycan qazının çox hissəsi Avropaya çıxarıla bilər" Azərbaycan 2025-ci ilədək qaz ixracını 40 mlrd. kubmetrə çatdıra bilər
Energetika
5 May , 2015 12:12
Rövnəq Abdullayev: Azərbaycan qazının çox hissəsi Avropaya çıxarıla bilər

Bakı. 5 may. REPORT.AZ/ Cənub Qaz Dəhlizi ilə bağlı planlar yalnız “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmır. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. Azərbaycanın 2025-ci ilədək ümumi ixrac potensialının 40 mlrd. kubmetr qaz həcminə çatdırılması tamamilə realdır. Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib: "Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır. Üç mühüm seqmentdən ibarət Cənub Qaz Dəhlizi məhz belə bir sistem olacaq. İlk seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan Cənubi Qafqaz Boru Kəməridir. Ötürmə qabiliyyəti ildə 20 mlrd. kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirib. CQBK-nin genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq". 

"İkinci seqment kimi TANAP - Trans-Anadolu boru kəməri nəzərdə tutulur. Bu, Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 mlrd. kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 mlrd. kubmetrədək artırılması imkanları da nəzərə alınıb. Cənub Qaz Dəhlizinin 3-cü seqmentini isə Trans-Adriatik qaz boru kəməri təşkil edəcək. Uzunluğu 870 km olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunacaq təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq", - deyə SOCAR prezidenti vurğulayıb.

R.Abdulllayev “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsinin Azərbaycanda icra olunacağını xüsusi vurğulayıb.

"Bu, ölkənin istehsalat və inşaat potensialını daha da artıracaq. Layihə çərçivəsində 2018-ci ilədək iki platforma quraşdırılmalı, sualtı boru kəmərləri çəkilməli, Səngəçal terminalında texnoloji sahə artırılmalıdır. Bu məqsədlə Bakıdakı tikinti-quraşdırma meydançalarında texniki və texnoloji rekonstruksiya işləri aparılacaq, bir neçə gəminin texniki və funksional imkanı artırılacaq, “İstiqlal” və “Dədə Qorqud” qurğuları da təkmilləşdiriləcək. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün inşa ediləcək yeni unikal çoxprofilli gəminin Bakı Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır. “Şahdəniz-2” və CQBK-nin genişləndirilməsi layihələri Azərbaycanda 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq", - deyə SOCAR rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi