Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim, Tədris Mərkəzini bitirən şəxslər imtahan veribsə, mütləq işlə təmin olunacaq".
"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə bildirib.
O qeyd edib ki, Təlim Tədris Mərkəzini bitirənlər ilk növbədə işlə təmin olunurlar.
"Əgər iş yoxdursa, başqa bir variant tapşırılıb. Tapşırılıb ki, Fond yaradaraq onlar müvəqqəti işlə təmin edilsin və ştatda boşluq yaranan kimi o boşluğa yerləşdirilsin. Əgər Təlim, Tədris Mərkəzini bitirən şəxs imtahan veribsə, mütləq işlə təmin olunacaq. Bu barədə arxayın olun".
R.Abdullayev qeyd edib ki, Təlim, Tədris Mərkəzləri oranı bitirən insanların mütəxəssis olması üçün yaradılıb.
Onun sözlərinə görə, bu mütəxəssislərin iş tapmaq problemi az olur.
"Vaxtilə tikinti şirkətləri bizim qaynaqçıları axtarır, bizim mütəxəssisləri aparırdı. Biz onların qarşısını alırdıq. İndi tikintidə boşluq yaranıb, ona görə problem var. Çalışacağıq o məsələni həll edək", - SOCAR prezidenti əlavə edib.