Bakı. 10 noyabr. REPORT.AZ/ İtaliyanın "Snam" şirkəti Yunanıstanın qaz şəbəkəsi operatoru olan DESFA-da pay almaq üçün müraciət edib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR prezidenti hazırda "Snam" şirkəti ilə danışıqlar aparıldığını açıqlayıb: "Bu şirkət DESFA-da 17% pay almaqda maraqlıdır".
Qeyd edək ki, ötən həftə "Snam" şirkəti DESFA-da payın alınması məqsədi ilə Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) rəsmi olaraq müraciət edib.
Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.
Məlumata görə, İtaliyanın "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas", Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkətləri DESFA-nın bu səhm zərfinin alınmasına maraq göstərir.