​"Report": Yaxın 2-3 ayda neftin qiyməti 50-60 dollar/barel olacaq - PROQNOZ

​"Report": Yaxın 2-3 ayda neftin qiyməti 50-60 dollar/barel olacaq - PROQNOZ Bu ilin sonuna qədər neftin qiymətinin 40-70 dollar/barel aralığında dəyişəcəyi proqnozlaşdırılır
Energetika
10 Aprel , 2015 16:23
​Report: Yaxın 2-3 ayda neftin qiyməti 50-60 dollar/barel olacaq - PROQNOZ

Bakı. 10 aprel. REPORT.AZ/ Yaxın 2-3 ay ərzində dünya bazarında "Brent" markalı xam neftin qiymətinin 50-60 dollar/barel diapazonunda qalacağı proqnozlaşdırılır. "Report"un analitik qrupu hesab edir ki, ABŞ-da neft ehtiyatlarının son zamanlar sürətlə artması dünya bazarında neftin qiymətinin artmasını məhdudlaşdıran başlıca amildir.

Belə ki, son hesabata əsasən, ABŞ-da neft ehtiyatlarının həcmi həftəlik müqayisədə 10,949 mln. barel artıb. Qeyd edək ki, artım prosesi artıq 13 həftə davam edir. Bu, 2001-ci ilin mart ayından etibarən ən yüksək artım göstəricisidir. "Goldman Sachs" analitiklərinin məlumatına görə, Kuşinq rezervuarı artıq 90% dolub. Bunun nəticəsində aprelin 8-də "Brent" markalı neft 4,7% - 55,54 dollar/barelə qədər ucuzlaşıb (ötən gün isə qiymət 56,6 dollaradək yüksəlib). Treyderlər "Brent"in qiymətinin yenidən psixoloji baryeri (60 dollar/barel) keçə bilməməsinin yekunda bazara neqativ təsir göstərdiyini bildirirlər.

Nəzərə almaq lazımdır ki, dolların güclənməsi amili də neftin qiymətinin artmasını əngəlləyən səbəblərdən biridir. Yaxın vaxtlarda dolların avroya qarşı məzənnəsinin paritetə çatacağı ilə bağlı ehtimallar güclənir. Bu da neftin qiymətini 50 dollar/barelə qədər azalda bilər. Qeyd edək ki, bu ilin yanvarında "Brent" markalı neft 48,95 dollar/barelə satılıb.

"Report"un ekspertləri 2015-ci ilin sonuna qədər neftin qiymətinin 40-70 dollar/barel aralığında dəyişəcəyini proqnozlaşdırır. Qiymətin formalaşmasında bir neçə əsas amil nəzərə alınacaq. Bu, ABŞ-da uçot dərəcəsinin artırılması nəticəsində dolların kəskin güclənməsi, Yaxın Şərqdə baş verən münaqişələr, Rusiya-Ukrayna qarşıdurmasıdır.

Son xəbərlər

Orphus sistemi