"Report": OPEC-in hasilatı artıracağı gözlənilir

"Report": OPEC-in hasilatı artıracağı gözlənilir Vyanada OPEC ölkələrin neft nazirlərinin növbəti iclası keçirilir
Energetika
5 İyun , 2015 16:11
Report: OPEC-in hasilatı artıracağı gözlənilir

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Vyanada (Avstriya) OPEC üzvü ölkələrin neft nazirlərinin növbəti iclası başlayıb.

"Report"un verdiyi məlumata görə, görüşdən əvvəl bəzi nazirlər maraqlı açıqlamalar veriblər. Belə ki, İranın neft naziri Bijən Namdar Zəngənə ölkəsinin neft bazarına daxil olmasının neftin qiymətinə mənfi təsir etməyəcəyini bildirib. O, İranın əsas vəzifəsinin bazarda payını artırmaq olduğunu vurğulayıb. Son iki ayda gündəlik hasilatı 500 min barel artıran İran gələcək 6 ayda artımı 1 mln. barelə çatdırmaq istəyir. İran OPEC nəzdində də kvotasının artırılması üçün müraciət edəcəyini bildirib.

İraqın neft naziri Adil Abdulmehdi isə qeyd edib ki, o, dünyada neftə olan tələbatın artmasını proqnozlaşdırır. Neftə olan tələbin ilin sonuna qədər cari qiymətləri 75 dollar/barelə qədər yüksəldəcəyini söyləyən nazir qeyd edib ki, bu görüşdə hər bir situasiya təhlil olunacaq və bazar konyunkturuna uyğun qərar qəbul ediləcək.

Qeyd edək ki, "Report"un analitik qrupu OPEC-in bu iclasda hasilatın artırılması ilə bağlı qərar qəbul edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi