Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC sentyabr ayının 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
Qeyd edək ki, sentyabrın 11-də Bakıda AzMeCo (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı AzMeCo-ya satacaq. Bu həcmdə qazla AzMeCo-nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.
Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan AzMeCo-nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər AzMeCo 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.