"Petronas" SOCAR-la əlaqələrin genişləndirilməsində maraqlıdır

"Petronas" SOCAR-la əlaqələrin genişləndirilməsində maraqlıdır Bakıda SOCAR və "Petronas" şirkətlərinin rəhbərlərinin görüşü keçirilib
Energetika
20 İyun , 2016 14:25
Petronas SOCAR-la əlaqələrin genişləndirilməsində maraqlıdır

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Malayziyanın “Petronas” neft-qaz şirkətinin prezidenti, baş icraçı direktor Datuk Van Zulkiflee Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, R.Abdullayev SOCAR və “Petronas” arasında mövcud olan uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb, hər iki şirkətin birgə fəaliyyət göstərdiyi layihələrin uğurla həyata keçirildiyini, əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. 

D.Z.Ariffin Azərbaycanda həyata keçirilən beynəlxalq irimiqyaslı layihələrdə iştirak etməkdən qürur duyduqlarını, bu layihələrin Malayziya və təmsil etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını bildirib. “Petronas”ın “Şahdəniz-2” layihəsində uğurla fəaliyyət göstərdiyini qeyd edən malayziyalı qonaq SOCAR-la əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını nəzərə çatdırıb. O, Azərbaycanın qədim tarixə malik neft-qaz sənayesinin uğurlarını maraqla izlədiklərini söyləyib, ölkədə əlverişli və təhlükəsiz investisiya mühitinin mövcudluğunu, enerji sahəsində əməkdaşlıq üçün yaradılmış geniş imkanları qeyd edib. 

R.Abdullayev “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlərin qrafikə uyğun davam etdirildiyini, layihənin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün tərəfdaşların vahid komanda şəklində fəaliyyət göstərdiklərini diqqətə çatdırıb. SOCAR prezidenti ümumilikdə Cənub Qaz Dəhlizi layihəsinin də uğurla irəlilədiyini, ilk qaz həcmlərinin 2018-ci ildə Türkiyəyə çatdırılmasının mümkün olacağına əminliyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi