Proqnoz: ​Neftin qiymətini ciddi artım gözləyir

Proqnoz: ​Neftin qiymətini ciddi artım gözləyir Lakin bundan öncə müəyyən azalmanın baş verəcəyi proqnozlaşdırılır
Energetika
2 Fevral , 2016 14:28
Proqnoz: ​Neftin qiymətini ciddi artım gözləyir

Bakı. 2 fevral. REPORT.AZ/ Dünya neft bazarında qiymətlərin yaxın 3 ayda yüksəlməyə başlayacağı ehtimal edilir. "Report" xəbər verir ki, neftin qiyməti 31 dollar/barelə qədər azaldıqdan sonra artıma başlayacaq və 55 dollar/barelə qədər yüksələcək. İlk mərhələdə qiymətin 39 dollar/barel, daha sonra 45 və 55 dollar/barelə qədər artacağı gözlənilir. Qeyd edək ki, neft qiymətləri artıq İranın dünya bazarına neft ixracını artırması xəbərini yanvar ayında qəbul edib və 27 dollar/barelə qədər enərək öz təsirini göstərib.

Neft qiymətlərinin ABŞ-dakı neft hasilatı göstəricisinə daha həssas olacağı dövr başlayır. ABŞ-da isə neft quyularının sayı getdikcə azalır. Belə ki, keçən həftə quyuların sayı 12 ədəd azalaraq 498-ə düşüb. Qeyd edək ki, neft quyularının sayı 2014-cü ilin oktyabrında 1 609 ədədlə maksimal həddə olub. Hazırda maksimal səviyyədən ümumi azalma 69% və ya 1 111 ədəd təşkil edib. ABŞ-ın neft hasilatı isə gündəlik 9,2 mln. barelə bərabərdir. ABŞ-da maksimal hasilat 2015-ci ilin iyun ayında (9,6 mln. barel/gün) qeydə alınıb. Quyuların sayının azalmasına baxmayaraq, hasilat şirkətləri yeni texnologiyalar hesabına məhsuldarlığı 25-30% artırmağa müvəffəq olub. Hazırda bu texnologiyalardan ən çox tətbiq olunanı "plazma pulse" texnologiyasıdır ki, onun tətbiqi ilə quyuların 25-50% bərpası mümkündür. Bu üsulla, həmçinin ənənəvi neft hasilatı metodlarından sonra laylardakı qalıq neftin 90%-i çıxarılır.

Neft sənayesində yeni texnologiyaların inkişaf etməsinə baxmayaraq, neft hər bir dövr üçün qlobal iqtisadiyyatın aparıcı amili olub. Neftin qiymətinin azalması qlobal tələb-təklif disbalansının yaranmasına səbəb olur. Qiymətlərin azalmasının istehlakçı ölkələrə müsbət təsiri olsa da, neft hasil edən ölkələrin gəlirlərinin azalması qlobal miqyasda tələbin azalmasına gətirib çıxarır. Hazırda da dünya iqtisadiyyatı bu problemlə üzləşib. Bir çox inkişaf etmiş ölkə deflyasiya riski ilə qarşılaşıb. Məhz bu səbəbdən neftin qiymətinin 25 dollar/bareldən aşağı düşməsi qlobal iqtisadiyyatın iflic olmasına gətirib çıxara bilər. Qiymətin 50 dollar/barel ətrafinda olması hazırkı qlobal iqtisadi konyunkturda müəyyən canlanma yaradacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi