Neft istehsalçıları hasilatı azaltmağa başlaya bilər

Neft istehsalçıları hasilatı azaltmağa başlaya bilər Ekspertlər neftin yaxın aylarda 50-55 dollar/barelə qədər bahalaşacağını düşünürlər
Energetika
8 Fevral , 2016 11:18
Neft istehsalçıları hasilatı azaltmağa başlaya bilər

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatlarında artım prosesinin fevralın 3-10-da səngiməsi və növbəti hesabat həftəsindən ehtiyatların azalmağa başlaması proqnozlaşdırılır. "Report" qeyd edir ki, ABŞ-da fevralın 5-də açıqlanan və bu günə qədər olan həftəlik aktiv neft buruqlarının sayını əks etdirən göstərici son 21 həftədə 20-ci dəfə azalaraq 498-dən 467-ə enib. Beləliklə, aktiv neft buruqlarının sayı 29 yanvar - 5 fevral tarixləri arasında 31 ədəd və ya 6,2% azalıb.

Qeyd edək ki, məlumat ABŞ-ın "Baker Hughes" şirkəti tərəfindən həftəlik olaraq açıqlanır. "Baker Hughes"a görə, ümumiyyətlə, yanvar ayında dünya üzrə buruqların sayı 78 ədəd və ya 4% azalaraq 1 891-ə düşüb. Əsas azalma isə (60 ədəd və ya 8,4%) ABŞ-da qeydə alınıb və aktiv buruqların sayı fevralın 1-nə 654 ədəd təşkil edib. İl ərzində isə ABŞ-da aktiv buruqların sayı 1 029 ədəd və ya 61,1% azalıb.

Buruqların sayının azalması neft qiymətlərinin kəskin düşməsi nəticəsində bu sahəyə investisiya qoyuluşlarında məhdudiyyətlərin yaranması ilə izah olunur. Buna baxmayaraq, bəzi ölkələr neft hasilatını artırmağa müvəffəq olub. Yanvar ayında Kanadada buruqların sayı dekabr göstəricisi ilə müqayisədə 32 ədəd və ya 20% artaraq 192-yə çatıb. Lakin 2015-ci ilin analoji dövrü ilə müqayisədə buruqların sayı 50%-ə yaxın azalıb.

Neft sektorunda neqativ dəyişikliklərə və aktivliyin azalmasına baxmayaraq, hasilat demək olar ki, azalmayıb. "Wood Mackenzie" analitik şirkətinin məlumatına görə, 2015-ci ilin yekununda gündəlik neft hasilatı qlobal miqyasda sadəcə 100 min barel və ya 0,1% azalıb. Buna baxmayaraq, hasilatda azalma 2009-cu ildən etibarən ilk dəfə qeydə alınıb.

"Report"un analitik qrupu hesab edir ki, bu həftədən etibarən ABŞ-da hasilatın azalması və ehtiyatların düşməsi proqnozu fonunda WTI markalı neftin qiymətinin yenidən "Brent"in qiymətini ötəcəyi və ümumiyyətlə, neft qiymətlərindəki artımın baş verəcəyi gözlənilir. Neftin bahalaşmasına neft hasilatçısı olan ölkənin iştirakı ilə fevralda keçirilməsi nəzərdə tutulan iclasın müsbət təsiri ehtimal edilir. Belə ki, fevralın 7-də Səudiyyə Ərəbistanının neft nazirinin venesuelalı həmkarı ilə keçirdiyi görüşdə neft hasilatını azaltmaq istiqamətində ilkin razılığa bənzəyən bəyanatlar səsləndirilib. Bu da neft qiymətlərinin yaxın aylarda 50-55 dollar/barelə yüksələcəyi ilə bağlı fikirlərin formalaşmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi