Nazir: "Bakı-Supsa kəməri Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirib"

Nazir: "Bakı-Supsa kəməri Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirib" Natiq Əliyev: "Bakı-Supsa kəməri ilə bu günədək 76,3 mln. ton neft nəql olunub”
Energetika
16 May , 2016 11:15
Nazir: Bakı-Supsa kəməri Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirib

Bakı. 16 may. REPORT.AZ/ Əgər Novorossiysk limanına çıxan Şimal boru kəməri ilə hər ton neftə görə tarif 15,67 ABŞ dolları təşkil edirdisə, Bakı-Supsa Qərb ixrac marşrutu ilə nəqletmə tarifi 3,14 dollar/ton (0,43 dollar/barel) təşkil edirdi. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Nazirin sözlərinə görə, Bakı-Supsa kəməri həm Gürcüstan, həm də Azərbaycan üçün əhəmiyyətlidir: “Həmin tranzit tarifinin hər ton neft üçün 1,20 dolları (0,17 dollar/barel) Gürcüstanın, qalanı isə Azərbaycanın payına düşürdü. Bu marşrutun üstünlüyü təkcə Azərbaycan neftinin təmiz halda, "Azəri light" markası ilə dünya bazarına çıxarılması və neftin daha ucuz nəql olunması ilə məhdudlaşmadı. Azərbaycanla Gürcüstan arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin yaranmasına rəvac verməklə, bu ölkənin də iqtisadi cəhətdən inkişafına töhfə verib. Gürcüstan Bakı-Supsadan həm də tranzit ölkə kimi yararlanır”.

N.Əliyev qeyd edib ki, Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəmərilə 76,3 mln. ton neft nəql olunub: "Təbii ki, iqtisadi mənfəət də ixrac həcminin artmasına düz mütənasib olaraq artıb. Amma Bakı-Supsanın əhəmiyyətini yalnız maliyyə-iqtisadi göstəricilərlə müəyyənləşdirmək, zənnimizcə, onun missiyasını kiçiltmiş olardı. Bakı-Supsa Şərq-Qərb enerji dəhlizinin baza elementi olmaqla yanaşı, həm də Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirib. Azərbaycan və Gürcüstan nümunəsində bölgədə iki müstəqil dövlətin bu günə qədər qorunaraq daha da inkişaf etdirilən dostluq, strateji tərəfdaşlıq münasibətlərinin təməlini qoyub”.

Son xəbərlər

Orphus sistemi