​Natiq Əliyev: "Total" artıq 2021-ci ildə "Abşeron" yatağında qaz hasilatına başlayacaq"

​Natiq Əliyev: "Total" artıq 2021-ci ildə "Abşeron" yatağında qaz hasilatına başlayacaq" TAP və TANAP layihələri haqqında danışan energetika naziri deyib ki, ölkədə 26 yeni qaz quyusu qazılacaq
Energetika
29 Aprel , 2015 16:33
​Natiq Əliyev: Total artıq 2021-ci ildə Abşeron yatağında qaz hasilatına başlayacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan dünya ölkələri arasında neft resurslarının hasilatı, istehlakı, emalı və nəqli sahəsində 10-cu yerdədir. "Report" xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışı zamanı deyib.

N.Əliyev neft hasilatının 10 il əvvələ nisbətən dəfələrlə artığını deyib: "10 il bundan qabaq Azərbaycanın neft hasilatı çox aşağı səviyyədə idi. Ötən il Azərbaycanda 42 mln. ton neft hasil edilib. 2003-cü ildə Azərbaycanda 5 mlrd. kubmetr qaz hasil edildiyi halda, 2014-cü ildə 29 mlrd. kubmetr qaz hasil olunub. Dünyada təbii qaz get-gedə daha da önəmli enerji resursu olacaq. Azərbaycanın çox böyük potensialı var və mövcud yataqlarda 2,6 trln. kubmetr qaz var. Bu o deməkdir ki, qaz hasilatını 90 ildən çox eyni səviyyədə saxlaya biləcəyik".

Nazirin sözlərinə görə, Fransanın "Total" şirkəti 2021-ci ildə Xəzər dənizində yerləşən "Abşeron" yatağında qaz hasilatına başlayacaq: "Bizim əsas ehtiyatımız "Şahdəniz" yatağıdır. Yeni "Ümid" qaz yatağımız bu yaxınlarda tapıldı, onun potensialı 300 mlrd. kubmetr qazdan çoxdur. Biz artıq iki quyunu qazmışıq və bu quyulardan təbii qaz hasil edirik. "Abşeron" qaz yatağımız var ki, artıq bu yataqdan qaz hasilatı ilə bağlı böyük proqramlar işlənilib. Qaz hasilatını bu yataqda həyata keçirən "Total" şirkəti söz verib ki, 2021-ci ildə "Abşeron" yatağından ilk qaz hasilatı həyata keçiriləcək. Azərbaycan yaxın zamanda Avropa bazarı üçün əsas ixracatçılardan biri olacaq. Azərbaycan neft və qaz sənayesinin işlənməsi sahəsində bütün proqramları yerinə yetirib. 1994-cü ildə işə başlamışıq və bu gün artıq ixracatçı ölkəyik".

TAP və TANAP layihələri haqqında danışan energetika naziri deyib ki, ölkədə 26 yeni qaz quyusu qazılacaq: "Uzunluğu 1 800 km olan TANAP kəməri çox çətin şəraitdə tikiləcək. TAP layihəsi də çox önəmli layihədir. Bu bizə imkan verəcək ki, təbii qazı Avropa bazarlarına çatdıra bilək. Hazırda Azərbaycanda bir quyudan 5 mln. kubmetr qaz çıxarılır və 26 əlavə hasilat quyuları qazılacaq. TAP layihəsi bizim üçün çox önəmlidir".

Son xəbərlər

Orphus sistemi