Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - “SOCAR Trading” Belarusun Mozır Neft Emalı Zavodu üçün Azərbaycan nefti nəql edib.
“Report” Ukraynanın “OilNews” saytına istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Ukraynadakı törəmə şirkətindəki mənbə bildirib.
SOCAR-ın Ukrayna təmsilçiliyindən qeyd olunub ki, emalla bağlı format hələ təsdiq mərhələsindədir.
Supsa limanından qeyd olunub ki, oktyabrın 19-da Belarus üçün nəzərdə tutulan 84,7 min ton həcmində Azərbaycan nefti ilə yüklənmiş "ALHANI" tankeri Odessa limanında lövbər salıb. Tanker Supsa limanında neftlə yüklənib. Neft sahildəki anbarlardan birinə doldurulduqdan sonra dəmiryolu sisternləri ilə Mozır neft emalı zavoduna göndəriləcək.
“Marine Traffic”in məlumatına görə, gəmi bu gün Odessa limanından yola düşüb.