Bakı. 24 iyul. REPORT.AZ/ Rusiya "Türk axını" layihəsinin reallaşacağına ümid edir və bu məsələdə nikbindir. "Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedyev deyib.
Onun sözlərinə görə, Türkiyədə yeni hökümət formalaşandan sonra "Türk axını"na dair razılaşma sənədi imzalana bilər.
"Sənədlərin bir qismi artıq təsdiq edilib. Ancaq hökümətlərarası müqavilə hələlik mövcud deyil. Yeni hökümət formalaşandan sonra bu sənədin də imzalanacağına inanırıq", - deyən Medvedyev, "nazirlər kabinetinin formalaşdırılması prosesinin bəzən asan olmadığını" vurğulayıb.
Qeyd edək ki, ötürmə qabiliyyəti 63 mlrd. kubmetr olan "Türk axını"nın 47 mlrd. kubmetrinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.