Kənan Yavuz: "Star" neft emalı zavodunda işlərin 54%-i görülüb"

Kənan Yavuz: "Star" neft emalı zavodunda işlərin 54%-i görülüb" Neft emalı zavodunun inşasında hazırda 8 200 nəfər çalışır
Energetika
1 Mart , 2016 10:42
Kənan Yavuz: Star neft emalı zavodunda işlərin 54%-i görülüb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində, Petkim yarımadasında inşa etdiyi "Star" neft emalı zavodunda işlərin 54%-i görülüb.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz sosial şəbəkədə rəsmi hesabında qeyd edib.

O bildirib ki, zavodda bu günə qədər 15 mln. saat iş görülüb.

K.Yavuz qeyd edib ki, neft emalı zavodunun inşaatında hazırda 8 200 nəfər çalışır: "İndiyədək 21 min ton polad montajı, 3,5 min ton ağırlığında 78 ədəd avadanlıq montajı tamamlanıb, 95,6 min kv.metr istehkam divarı inşa olunub, 27 mln. ton qazma işləri görülüb, 74 min ton ağırlığındakı 2 117 ədəd avadanlığın 60%-i 3 ay ərzində ərazidə olacaq".

O həmçinin əlavə edib ki, 1,7 mln. kubmetr həcmində 75 rezervuarın inşası sürətlə davam etdirilir.

"Neft emalı zavodunun inşaatı planlaşdırılan müddət və büdcə çərçivəsində böyük uğurla davam edir. "Star" zavodu 2018-ci ildə istifadəyə verildikdə Türkiyənin aparıcı 50 şirkəti arasında 2-ci yerdə olacaq", - deyə K.Yavuz bildirib.

Qeyd edək ki, "Star" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub. Zavodda ilk istehsala 2018-ci ilin mart ayında başlanacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi