İri neft şirkətlərinin borcları kəskin artıb

İri neft şirkətlərinin borcları kəskin artıb Son iki ildə borclar 2 dəfə artaraq 184 mlrd. dollara çatıb
Energetika
25 Avqust , 2016 11:42
İri neft şirkətlərinin borcları kəskin artıb

Bakı. 25 avqust. REPORT.AZ/ Dünya bazarında neft qiymətlərinin kəskin azalması bir sıra iri neft şirkətlərinin yüksək borc yükü problemi ilə üzləşməsinə səbəb olub. "Report", "Vestifinance" saytına istinadən xəbər verir ki, "ExxonMobil", "Royal Dutch Shell", BP və "Chevron" şirkətlərinin borc öhdəlikləri 184 mlrd. ABŞ dollarına yüksəlib və bu, 2014-cü ilin göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. Adı çəkilən şirkətlərin rəhbərləri investorları inandırmağa çalışırlar ki, 2017-ci ildə kifayət qədər maliyyə vəsaiti cəlb edərək yeni investisiyaları və dividend ödənişlərini maliyyələşdirə biləcəklər. Lakin şirkətlərin səhmdarları bu açıqlamalara şübhə ilə yanaşırlar. 

"Carmignac Commodities Fund" əmtəə fondunun meneceri Maykl Hyulm (Michael Hulme) bildirib ki, neft qiymətləri 50-60 dollar/barel səviyyəsini keçməyəcəyi təqdirdə bu şirkətlər cari dividend ödənişini təmin edə bilməyəcək. BP şirkəti isə öz növbəsində 50-55 dollar/barel səviyyəsinin qorunacağı təqdirdə dividend və investisiyaları maliyyələşdirə biləcəyini açıqlayıb.

Şirkətlərin borc öhdəlikləri isə investisiyaların ixtisar edilməsi, xərclərin milyardlarla dollar azaldılması və cari əməliyyatların minimallaşdırılmasına baxmayaraq, artmağa davam edir. Hətta, yaxın illərdə kreditlərin ödənilməsi, şirkətlərin fəaliyyət göstəricilərinə mənfi təsir edəcəyi və zəruri investisiyaları həyata keçirməyə mane olacağı istisna edilmir. Neft şirkətləri isə öz növbəsində borclarını örtmək üçün bir sıra maliyyə alətlərinin olduğunu bildirib. Bura aktivlərin satışı, xərclərin azaldılması və səhmdarlara dividend əvəzində səhmlərin verilməsi əməliyyatları aid edilir. Faiz dərəcələrinin aşağı olması isə onlara problemlərin həllində kömək edir. Şirkətlər, borc yükünün artması faktının müvəqqəti hal olduğunu, restrukturizasiya prosesindən sonra neft qiymətlərinin artması ilə borcun azalacağını qeyd edirlər.

Xatırladaq ki, hazırda xalis borcun kapitalda xüsusi çəkisi "Royal Dutch Shell"də 28%, BP-də 25%, "Chevron"da 20%, "ExxonMobil"də isə 18% təşkil edir.

Son xəbərlər

Orphus sistemi