Bakı. 10 mart. REPORT.AZ/ İndoneziya energetika naziri Səid Sudirman ölkəsinin dövlət neft-qaz şirkəti olan "Pertamina"nı Azərbaycanda neft-qaz layihələrinə investisiya qoymağa çağırıb.
"Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, İndoneziyada enerji resurslarının məhdudluğuyla əlaqədar nazir bu sahədə digər ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb. O, Azərbaycandan enerji resurslarının tədarükü potensialını 50 milyon barel neft həcmində qiymətləndirir.
S.Sudirmanın sözlərinə görə, "Pertamina" Azərbaycanda "Şahdəniz" yatağının işlənməsi layihəsində pay əldə edən Malayziyanın "Petronas" şirkətinin təcrübəsini öyrənə bilər.
"Pertamina"nın nümayəndəsi Syamsy Alam S.Sudirmanın təşəbbüsünü dəstəkləyib. Onun sözlərinə görə, Azərbaycan nefti İndoneziyada Silakapdakı neft emalı zavodunu xammalla təchiz etməyə kömək edə bilər.