İmtiyazlı təbəqə üçün nəzərdə tutulan elektrik enerjisi normasına yenidən baxıla bilər

İmtiyazlı təbəqə üçün nəzərdə tutulan elektrik enerjisi normasına yenidən baxıla bilər Hesablama Palatası qeyd edir ki, imtiyazlı təbəqə bir çox hallarda qanunvericiliyin tələblərini pozur
Energetika
13 Aprel , 2016 16:56
İmtiyazlı təbəqə üçün nəzərdə tutulan elektrik enerjisi normasına yenidən baxıla bilər

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycanda qaçqın və məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjisinin haqqının ödənilməsi üçün 2014-cü ildən dövlət büdcəsindən təxminən 61,0 mln. manat məbləğində vəsait icra edilib. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.

Təkliflərdə göstərilir ki, ölkənin müxtəlif regionmlarında məskunlaşmış qaçqın və köçkünlər yerli əhaliyə nisbətən 2,5 dəfə daha artıq elektrik enerjisi sərf edir: “Aparılmış təhlillər göstərir ki, məskunlaşmamış qaçqınlar və məcburi köçkünlər tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin həcmi yerli əhalinin istehlak həcmindən nəzərəçarpacaq dərəcədə çoxdur. Həmçinin qeyd edilməlidir ki, bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrinin istehlakında da müşahidə edilir. Belə ki, xidmət göstərən təşkilatlardan alınmış məlumatlara görə, respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80 kVt/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150 kVt/saat, başqa sözlə, normativ aktla müəyyən edilmiş həcmdədir. Diqqətə çatdırmaq istərdik ki, bu meyl respublika üzrə qazla təchizat səviyyəsinin genişləndiyi bir şəraitdə də dəyişməz qalıb”.

Palata hesab edir ki, məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsi qeyri-səmərəli istehlaka yol açır: “Qeyd edilənləri, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş genişmiqyaslı tədbirləri, respublika ərazisinin, demək olar ki, tam olaraq qazla təchiz edildiyini, həmçinin məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsinin qeyri-səmərəli istehlaka yol açdığını nəzərə alaraq məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin adambaşına aylıq elektrik enerjisi normasına yenidən baxılması təklif olunur”.

Qurum həmçinin müəyyən edib ki, imtiyazlı təbəqə bir çox hallarda qanunvericiliyin tələblərini pozur: “Aparılmış araşdırmalar nəticəsində imtiyazlı kateqoriyadan olan şəxslərə büdcə vəsaitləri hesabına qanunvericilikdə müəyyən edilmiş güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmadığı halda, məcburi köçkünlərin əkin sahələrinin suvarılması üçün əlavə vəsaitlər ödənildiyi də müəyyən edilib. Məcburi köçkünlərin əkin sahələrinin suvarılması isə onlara qanunvericilikdə müəyyən edilmiş büdcə vəsaitləri hesabına güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmayıb”.

“Aparılmış həmin nəzarət tədbirinin nəticələri ilə əlaqədar Komitənin Palataya cavab məktubunda əkin sahələrinin suvarılması üçün büdcə vəsaitlərinin xərclənməsinin məcburi köçkünlərin məşğulluq problemlərinin qismən həllinə nail olunması məqsədi ilə həyata keçirildiyi bildirilib. Qanunvericilikdə nəzərdə tutulmadığı halda məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılmasının dövlət hesabına ödənilməsi, həmçinin mümkün olduğu halda suyun dəyərinin daha aşağı tariflə ödənilməməsi bu istiqamətdə büdcə vəsaitlərinin daha qənaətli sərfinə ehtiyac olduğunu göstərir”, - deyə Palatanın təkliflərində deyilir.

Son xəbərlər

Orphus sistemi