İcra nümayəndəsi: "Kəskin soyuqlara baxmayaraq, TANAP-ın inşası sürətlə davam etdirilir"

İcra nümayəndəsi: "Kəskin soyuqlara baxmayaraq, TANAP-ın inşası sürətlə davam etdirilir" Coğrafi və iqlim şərtləri baxımından layihənin ən çətin hissəsində 1 555 nəfər çalışır
Energetika
21 Dekabr , 2015 15:12
İcra nümayəndəsi: Kəskin soyuqlara baxmayaraq, TANAP-ın inşası sürətlə davam etdirilir

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsində hasil olunan təbii qazın Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu boru kəmərinin (TANAP) inşası kəskin soyuqlara baxmayaraq davam edir.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu boru kəmərinin hazırda inşası davam etdirilən Türkiyənin Ərzurum şəhərinin Pasinlər qəsəbəsinin icra nümayəndəsi Əli Ada bildirib.

O qeyd edib ki, TANAP layihəsinin Lot-1 olaraq adlandırılan Gürcüstan sərhədindən Ərzincan bölgəsinə qədər olan 375 km-lik hissəsinin inşasında 1 500 nəfər türk və 55 nəfər xarici işçi işləyir və onlar növbəli iş rejimi ilə gecə-gündüz çalışırlar.

İcra nümayəndəsinin sözlərinə görə, 1 850 km uzunluğunda olan boru xəttinin coğrafi və iqlim şərtləri baxımından ən çətin hissəsi bu ərazidir: "Çətin coğrafi ərazidə və -35 dərəcə soyuqda işçilərin hansı çətinliklərlə işlədiyini təsəvvür etmək çətin deyil. Amma buna baxmayaraq, işlər sürətlə davam etdirilir. Ötən aydan başlayaraq işlər daha da sürətləndirilib".

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Boru kəməri Türkiyənin Ardahan şəhərinin Türkgözü kəndindən başlayır, 20 şəhərdən, 67 qəsəbədən keçir.

2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri (hazırkı prezident) Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni imzalayıblar. 2015-ci il martın 17-də isə Türkiyənin Qars şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub.

Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km hissəsi Mərmərə dənizindən keçəcək.

TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var. SOCAR-ın TANAP-dakı 58%-lik payının 7%-ni törəmə qurumu olan "SOCAR Turkey"ə satması gündəmdədir.

Son xəbərlər

Orphus sistemi