Gürcüstan SOCAR-a qaz anbarının tikintisində iştirakı təklif edib

Gürcüstan SOCAR-a qaz anbarının tikintisində iştirakı təklif edib Bu barədə bu gün Tbilisidə müzakirə aparılıb
Energetika
13 Yanvar , 2016 16:59
Gürcüstan SOCAR-a qaz anbarının tikintisində iştirakı təklif edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Gürcüstan hökuməti Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ölkədə qaz anbarının tikintisində iştirak etməyi təklif edib. Bunu "Report"a SOCAR-ın Gürcüstandakı törəmə qurumu - “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

Onun sözlərinə görə, bu təklif SOCAR rəhbərliyi ilə Gürcüstan hökuməti arasında bu gün Tbilisidə keçirilən görüşdə irəli sürülüb: "Bugünkü görüşdə həm də Gürcüstanda qaz anbarının tikintisində SOCAR-ın iştirakı barədə müzakirə aparılıb. Gürcüstanda qaz anbarına ehtiyac var. Gürcüstan hökumətinin də qaz anbarının tikintisi barədə müəyyən qərarları, addımları var. Onlar da Azərbaycan tərəfini, SOCAR-ı anbarın tikintisində iştiraka dəvət ediblər".

Qeyd edək ki, Gürcüstan bu il yeni yeraltı qaz anbarının tikintisinə başlamağı planlaşdırır. Qaz anbarı "Samqori" neft yatağının cənub hissəsindəki ərazidə tikiləcək.

Beynəlxalq tenderin qalibi olmuş Fransanın "Geostock SAS" şirkəti 2016-cı ilin əvvəlində yeraltı qaz anbarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işini başa vuracaq.

Bununla paralel olaraq Gürcüstan Neft-Qaz Korporasiyası (GOGC) layihənin maliyyələşdirilməsi şərtlərinin öyrənilməsi və optimallaşdırılması məqsədilə kommersiya bankları, beynəlxalq maliyyə institutları və özəl şirkətlərlə danışıqlar aparır.

Yeraltı qaz anbarının inşası başa çatdıqdan sonra orada 230-250 mln. kubmetr təbii qaz saxlanması mümkün olacaq. Bu isə Gürcüstanın illik istehlakının 15%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi