"Günəşli" yatağının 10 saylı özüldəki quyular ilin sonuna kimi yenidən istismara veriləcək

"Günəşli" yatağının 10 saylı özüldəki quyular ilin sonuna kimi yenidən istismara veriləcək "Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov qəza baş vermiş "Günəşli" yatağındakı 10-cu özülün bərpası barədə tapşırıqlar verib
Energetika
25 Fevral , 2016 12:21
Günəşli yatağının 10 saylı özüldəki quyular ilin sonuna kimi yenidən istismara veriləcək

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyində 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, əvvəlcə, dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli” yatağındakı 10 saylı və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində həlak olmuş və itkin düşmüş neftçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Birliyin baş direktoru Daşqın İskəndərov  2015-ci ili uğurlu hesab etsə də, dünya iqtisadiyyatındakı böhranın, neft qiymətlərinin kəskin düşməsinin bütünlüklə SOCAR-ın fəaliyyətinə təsirlərindən danışıb. O, hazırkı vəziyyət nəzərə alınmaqla ölkə iqtisadiyyatına maksimum töhfə verilməli olduğunu diqqətə çatdırıb.

Hesabat müşavirəsində baş direktorun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov 2015-ci ilin neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb. “Azneft” İB-nin ötən il üzrə iqtisadi göstəriciləri müzakirə olunub, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Təbirdə baş direktorun müavinləri çıxış edərək ötən il ərzində kapital qoyuluşları və layihələrin həyata keçirilməsi, əməyin mühafizəsi, istehsalat proseslərində texniki təhlükəsizliyin təmin edilməsi, təchizat, nəqliyyat sahələrində görülmüş işlər barədə hesabat veriblər.

Yekun nitqi söyləyən D.İskəndərov 2016-cı ilin neft sənayesi üçün vacib bir il olacağını bildirib, hasilat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərin daha da artırılmasının, yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsinin vacibliyini qeyd edib. O, 2016-cı il üçün vacib məsələlərdən biri kimi yarımçıq qalmış tikililərin başa çatdırılması, qəza baş vermiş “Günəşli” yatağındakı 10-cu özülün bərpası barədə tapşırıqlarını verib. Vurğulanıb ki, cari ilin sonuna kimi 10 saylı özüldəki quyuların təmir olunaraq istismara verilməsi nəzərdə tutulub. İstehsalatda bədbəxt hadisələrin, qəzaların baş verməməsi üçün mütəmadi yoxlamaların keçiriləcəyi qeyd edilib, yeni özüllərin, meydançaların tikintisinin nəzərdə tutulduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi