Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 28-də, saat 18:10 radələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Ağaməlik Sübhan oğlu Məmmədov gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zamanı baş verib.
Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. A.Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.