Bakı. 28 dekabr. REPORT.AZ/ Şimali İraq təbii qazını Türkiyəyə daşımalı olan Şırnak Qaz Boru Kəmərinin çəkilməsi üçün tender 2016-cı ilin fevralın 9-da elan ediləcək. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, tender "BOTAŞ" şirkəti tərəfindən elan ediləcək.
"BOTAŞ"ın rəsmi internet səhifəsində verilən məlumata görə, 40 düyümlük boru xəttinin ümumi uzunluğu 185,1 km olacaq və Mardin Təbii Qaz Kəmərinin 35-ci km-də yerləşən Serenli Pig stansiyasına birləşəcək.
Kəmərin ərazinin ayrılmasından etibarən 720 təqvim günü müddətində inşa edilməsi planlaşdırılır.
Şimali İraqda fəaliyyət göstərən "Genel Energy" şirkətinin rəhbəri Toni Heyvard (Tony Hayward) deyib ki, həmin bölgədə 5 trln. kubmetr təbii qaz ehtiyatı var və bu, Türkiyənin 50 illik tələbatını ödəməyə yetər.
T.Heyvard həmin bölgədən ilk qazın Türkiyəyə yaxın 2-3 ildə daşınacağını, ilk mərhələdə bu həcmin illik 10 mlrd. kubmetr olacağını, 2020-ci ildə isə 20 mlrd. kubmetrə çatdırılacağını deyib.