​Energetika Nazirliyində Yaponiyanın İBT Korporasiyasının prezidenti ilə görüş keçirilib

​Energetika Nazirliyində Yaponiyanın İBT Korporasiyasının prezidenti ilə görüş keçirilib Görüşdə itkilərin azaldılması ilə enerji səmərəliliyinə nail olmaq məsələsi müzakirə edilib
Energetika
26 Yanvar , 2016 16:25
​Energetika Nazirliyində Yaponiyanın İBT Korporasiyasının prezidenti ilə görüş keçirilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyində energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə Yaponiyanın strateji tədqiqatlar və məsləhətçi xidmətləri ilə məşğul olan İBT Korporasiyasının prezidenti Seiçi Nobuharla görüş keçirilib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, S.Nobuhar Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin təşəbbüsü ilə Azərbaycana reallaşan səfərinin məqsədləri barədə danışıb. Bu səfərin əsasən iki ölkə arasında enerji və infrastrukturun inkişaf etdirilməsi sahəsində gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.

Bildirilib ki, İBT Korporasiyası Yaponiyada bir sıra dövlət strukturlarının mühüm layihələrini həyata keçirir. Bu qurumlara enerji ehtiyatlarının istifadəsi, İKT, infrastrukturun inkişafı, sərmayə qoyuluşu və digər sahələr üzrə məsləhətlər verir.

Energetika nazirinin müavini N.Abbasov deyib ki, neft-qaz sahəsində Yaponiyanın “Itochu”, “Inpex”, “Mitsui“ şirkətlərinin iştirakı, eləcə də Yaponiya hökumətinin krediti vasitəsilə Azərbaycanda “Şimal” elektrik və “Şimal-2” qaz-buxar elektrik stansiyalarının tikintisi iki ölkə arasındakı əməkdaşlığın bariz nümunələridir.

Nazir müavini deyib ki, hazırda Azərbaycanın prioritet istiqamətlərindən biri enerji daşıyıcılarının istehsalı və satışı zamanı yol verilən itkilərin azaldılması ilə enerji səmərəliliyinə nail olmaqdır. Enerji səmərəliliyi isə ilk növbədə köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidən qurulması ilə bağlıdır ki, bu da elektrik enerjisinin təchizatının etibarlığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaq. Məhz bu istiqamətdə Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var. Görüşdə bu məsələ ilə bağlı gələcəkdə görülə biləcək işlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi