Elşad Nəsirov: "Müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq"

Elşad Nəsirov: "Müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq" SOCAR-ın vitse-prezidenti: "Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz"
Energetika
25 Yanvar , 2016 17:58
Elşad Nəsirov: Müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ "Əminik ki, müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq". "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunu şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF telekanalına müsahibəsində bildirib.

"Azərbaycanda neft sənayesi digər ölkələrdən əvvəl qurulub. Neftin qiymətinə gəldikdə isə biz zəngin tariximizə nəzər salıb, belə qənaətə gəlirik ki, qiymət daim aşağı düşür, sonra yenə qalxır. Əminik ki, müəyyən müddətdən sonra neftin qiyməti yenə qalxacaq. Neftin ən kəskin bahalaşması Ərəb-İsrail müharibəsində və ya İran Respublikası təsis olunanda deyil, 1920-ci ildə bolşeviklər Bakıya daxil olanda baş verib, çünki o dövrdə dünya neft hasilatının ¼ hissəsi Bakının payına düşürdü. Biz əminik ki, neftin qiyməti yenə qalxacaq", - deyə E.Nəsirov əlavə edib.

Neftin qiymətinin 20 dollara düşəcəyi ilə bağlı "Goldman Sachs"ın proqnozuna gəlincə isə E.Nəsirov qeyd edib ki, neftin qiyməti çox fərqli amillərdən asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir: "Əlbəttə ki, iqtisadi məsələlər müəyyən rol oynayır, lakin ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz, çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq".

İran üzərindən sanksiyaların qaldırılması və İranın da bazara daxil olmasının qiymətlərə təsirinə gəlincə isə SOCAR-ın vitse-prezidenti bildirib ki, bu proseslərin təsiri mütləq hiss olunacaq: "Lakin nefti aşağı maya dəyəri ilə təkcə İran və Səudiyyə Ərəbistanı hasil etmir. Bu gün bir sıra hasilatçılar nefti çox aşağı maya dəyəri ilə hasil edə bilir. Buna baxmayaraq, təklif yenə tələbat səviyyəsindən aşağı düşəcək".

Son xəbərlər

Orphus sistemi