Ekspertlər: Neftin ucuzlaşması qlobal iqtisadiyyata müsbət təsir edir

Ekspertlər: Neftin ucuzlaşması qlobal iqtisadiyyata müsbət təsir edir Lakin bəzi analitiklər bunun sonda qlobal tənəzülə səbəb olacağını düşünürlər
Energetika
9 Dekabr , 2014 12:16
Ekspertlər: Neftin ucuzlaşması qlobal iqtisadiyyata müsbət təsir edir

Bakı. 9 dekabr. REPORT.AZ/ Dünya bazarında müşahidə olunan neftin aşağı qiyməti 2015-2016-cı illlərdə dünya iqtisadiyyatının 0,3% artması ilə nəticələnəcək. "Report"un verdiyi xəbərə görə, "Fitch" agentliyinin analitikləri belə qənaətə gəliblər. Onlar proqnozlaşdırırlar ki, 2014-cü ildə dünya ÜDM-i 2,5%, 2015-2016-cı illərdə isə 2,9% və 3% artıracaq. Qiymətləndirmələrə görə, neftin qiymətinin 10 dollar enməsi dünya iqtisadiyyatının inkişaf dinamikasını 0, 2 faiz bəndi sürətləndirir.

"Fitch" agentliyinin gözləntilərinə əsasən, "Brent" markalı neftin bir barelinin orta qiyməti 2014-cü ildə 100 dollardan 2015-ci ildə 83 dollaradək düşəcək, 2016-cı ildə isə 90 dollaradək artacaq. İlin əvvəlindən neftin qiyməti 39,2% enərək 67,35 dollara düşüb.

“Bundan qazanan və zərərə düşənlər olacaq, amma ümumilikdə dünya iqtisadiyyatı üçün bu, yaxşı xəbərdir”, - deyə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard bildirib.

Əgər neftin qiymətinin hazırkı həddi saxlanılarsa, gəlirləri neftin ixracından asılı olan ölkələr zərər çəkəcək. Gələn il İraq iqtisadiyyatının gəlirlərinin azalması ÜDM-nin təxminən 18%-i ekvivalentində, Əlcəzairdə 15,6%, Nigeriyada 13,6%, Venesuelada 10,2%, Rusiyada 4,7% olacaq.

Lakin iri idxalçılar xammala xeyli qənaət edəcək. Əgər neftin qiyməti 6-8 ay hazırkı səviyyədə qalarsa, neft üçün qlobal hesab (qənaət) 500 mlrd. dollar az olacaq. Nəticədə, ABŞ iqtisadiyyatı ÜDM-in 0,5%-nə, Almaniya və Çin 0,7%, Yaponiya 1,2%, Hindistan 1,8%, Cənubi Koreya 2,4 %-nə qənaət edəcək. BVF qeyd edir ki, neftin hər 1 dollar qiymət enməsi Çinə ildə 2,1 mlrd. dollar qənaət etməyə imkan verir.

“IHS Global Insight”ın qiymətləndirməsinə görə, orta amerkialı 2015-ci ildə təxminən 750 dollar qənaət edəcək. Nəqliyyat və istehsal xərcləri, xüsusən də enerji istifadə edilən sahələrdə, məsələn, hava nəqliyyatı və metallurgiyada aşağı düşəcək.

HSBC-nin baş iqtisadçısı Stiven Kinq isə əksinə, düşünür ki, tarixən neftin qiymətinin aşağı düşməsi qlobal tənəzüllə nəticələnir. Məsələn, son qlobal maliyyə böhranının baş verdiyi 2008-ci ildə "Brent" markalı neftin qiyməti 147 dollardan 36 dollara enmişdir. Qiymətlərin enməsi daha geniş deflyasiya gözləntilərinin xəbərçisidir.

Son xəbərlər

Orphus sistemi