"Çıraq" platformasında hasilat dayandırılıb

"Çıraq" platformasında hasilat dayandırılıb Profilaktik işlərin aparılması üçün dayandırılan hasilat 25 gün aparılmayacaq
Energetika
10 Noyabr , 2015 14:41
Çıraq platformasında hasilat dayandırılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gündən başlayaraq "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlar blokunun illik iş proqramının bir hissəsi olaraq "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "AÇQ" layihəsinin operatoru olan "BP-Azerbaijan" şirkəti məlumat yayıb.

Plana əsasən, "Çıraq" platformasından hasilat təxminən 25 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

"Bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür. Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəlində başlanılıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması, həmçinin bu ilin hasilat planına daxil edilib", - deyə şirkətdən bildirilib.

"Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və "Şahdəniz"  platformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Qaz Boru Kəməri və Qərb marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan terminalında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən davam edəcək.

"Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür", - deyə şirkətdən qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi