Çexiya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Çexiya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır ​Çexiyanın sənaye və ticarət naziri Yan Mladek SOCAR-da olub
Energetika
4 Mart , 2015 19:37
Çexiya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı. 4 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycanın qədim neft və qaz diyarı olduğunu söyləyib, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığını, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib.

X.Yusifzadə son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında qonaqlara ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından danışıb. Qeyd olunub ki, ölkənin enerji strategiyası çərçivəsində həyata keçirilən layihələr üzrə qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərləri hazırda region və Avropa İttifaqı ölkələrinin etibarlı enerji təchizatında əhəmiyyətli faktora çevrilib.

Ötən dövr ərzində neft-qaz sənayesi böyük inkişaf yolu keçib, bu sektorda tətbiq edilən yeni texnika və texnologiyalar karbohidrogen hasilatında artıma səbəb olub. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq verəcəyi töhfələrdən söz açılıb, qeyd olunub ki, “Şahdəniz” yatağının işlənilməsi ölkənin dünyada təkcə neft ixracatçısı kimi deyil, həmçinin təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədi daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığı vurğulanıb.

Çexiyalı nazir Y.Mladek rəsmi Praqanın Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib, hazırda ölkəsinin Azərbaycandan neft idxal etdiyini diqqətə çatdırıb. Nazir Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin inşa olunmağa başlanmasını və Azərbaycan qazının bu marşrutla ixrac ediləcəyini yüksək qiymətləndirib.

Görüşdə Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına xidmət etdiyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi