Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üçün Gürcüstanda ölçmə stansiyasının tikintisi 26% tamamlanıb

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üçün Gürcüstanda ölçmə stansiyasının tikintisi 26% tamamlanıb Azərbaycanda təqribən 83 km uzunluğunda borular artıq qaynaq edilib
Energetika
24 May , 2016 13:08
Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üçün Gürcüstanda ölçmə stansiyasının tikintisi 26% tamamlanıb

Bakı. 24 may. REPORT.AZ/ Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edir. Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri tədricən artır. "Report" xəbər verir ki, bu barədə tərəfdaşlar adından hazrlanan "BP-Azerbaijan"ın hesabatında qeyd olunub.

Məlumata görə, təqribən 83 km uzunluğunda borular artıq qaynaq edilib, 57 km boru örtüklənib və 36 km boru xəndəyə endirilib: "Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boruların saxlanma sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların 80%-dən çoxu artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Ağsu kanalının altından ilk üfüqi istiqamətdə qazma işləri tamamlanıb və Göyçayda ikinci qazma əməliyyatı üçün hazırlıq işləri gedir".

Qeyd olunub ki, I rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri başlayıb. "Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam edib və 34 kilometrə yaxın boru qaynaq edilib, 10 kilometrdən çox boru isə örtüklənib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 42%, 2-ci kompressor stansiyasında isə 12% tamamlanıb. Ölçmə stansiyasının tikintisi 26% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Bu yatağın işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracını nəzərdə tutan boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP kəmərinə qoşulacaq.

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə Azərbaycan ərazisində yeni boru kəmərinin çəkilməsi və Gürcüstanda iki yeni kompressor stansiyasının tikintisi daxildir.

2014-cü il mayın 26-da boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisinin həyata keçirilməsi üçün "Saipem/Azfen" birgə müəssisəsi ilə müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi