Bakı. 24 may. REPORT.AZ/ Bu ilin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətə təqribən 6 mln. dollar əməliyyat xərcləri və 236 mln. dollar əsaslı xərclər sərf edilib. Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən məlumat verilib.
Hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətə çəkilən xərclər ötən ilin müvafiq dövründən 5,8% az olub.
Birinci rüb ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 21,6 mln. kubmetr qaz olub ki, bu da ötən ilin I rübündən 2,9% çoxdur.
Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
"CQBK" şirkətinin sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil"(10%), NİCO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.