​"Brent" markalı neft üzrə uzun mövqelərin sayı artaraq təhlükəli həddə çatıb

​"Brent" markalı neft üzrə uzun mövqelərin sayı artaraq təhlükəli həddə çatıb Ole Hansen: "Bu, bazarda qiymətlərin enmə təhlükəsini getdikcə artırır"
Energetika
8 May , 2015 09:09
​Brent markalı neft üzrə uzun mövqelərin sayı artaraq təhlükəli həddə çatıb

Bakı. 8 may. REPORT.AZ/ Dünya bazarında WTI və "Brent" markalı xam neftin qiyməti aprel ayı ərzində 2009-cu ildən etibarən ən yüksək aylıq artım nümayiş etdirən əmtəə olaraq fərqlənib. ABŞ-da hasilatın azalmasının ilkin əlamətləri və Yəməndəki geosiyasi qeyri-sabitlik qiymətlərin başlıca hərəkətverici qüvvəsi olub. ABŞ-ın neft ehtiyatları hələ də yüksək olsa da, 500 mln. bareldən aşağı həddə qərarlaşdığı halda, OPEC üzvü olan ölkələr və Rusiya tam gücü ilə neft hasilatını davam etdirir. Bunu "Report"a açıqlamasında "Saxo Bank"ın əmtəə strategiyaları bölməsinin rəhbəri Ole Hansen bildirib.

O.Hansen qeyd edib ki, "Brent" markalı neft üzrə uzun mövqelərin (long positions) sayının artaraq təhlükəli göstəriciyə çatması bazarda enmə təhlükəsini getdikcə artırır: "Bazar qaydalarına əsasən, mövcud andakı vəziyyətə uyğun hərəkət etmək gərəkdir və hazırkı durumda qiymət artımının davamlı olacağı ehtimalı hakim mövqe tutur. Ancaq alış baxımından ehtiyatlı olmaq lazımdır. Belə ki, bazardakı mövcud ab-hava və ya ümumi texniki mənzərənin qəfildən dəyişməsi ehtimalı var, bu da müsbət perspektivləri dəyişə bilər".

"Saxo Bank" rəsmisinin fikrincə, neft qiymətlərindəki sonuncu yüksəlişə səbəb ABŞ ehtiyatlarının həcmini əks etdirən həftəlik hesabatın göstəriciləri olub. Hesabata əsasən, ötən ilin noyabr ayından etibarən ilk dəfə olaraq Kuşinqdəki (Oklahoma ştatı) ehtiyatlarda azalma müşahidə olunub. Bazar iştirakçıları bu xəbəri bütün ölkədə hasilatın və bunun nəticəsi olaraq ehtiyatların azalmasının ilkin əlaməti kimi qəbul edib.

"ABŞ-da neft hasilatının azalması müşahidə olunsa da, OPEC üzvlərində durum fərqlidir. Aprel ayına olan məlumatlara əsasən, OPEC ölkələrində hasilatın həcmi 2012-ci ildən etibarən ən yüksək göstəriciyə çatıb. Bu cür artım İraq və Səudiyyə Ərəbistanının neft hasilatının rekord hesab edilə biləcək göstəriciyə çatması ilə bağlıdır. Hər iki ölkə bu addımı İran neftinin dünya bazarlarına yenidən qayıtma ehtimalı fonunda energetika bazarında öz mövqelərini möhkəmləndirmək məqsədilə əsaslandırır. Hazırda OPEC-in məcmu hasilatı gündəlik 31 mln. barel təşkil edir ki, bu da cari mövsümdə olan tələbdən təqribən 1,5 mln. barel çoxdur", - deyə O.Hansen bildirib.

Son xəbərlər

Orphus sistemi