BP: "Şahdəniz-2" layihəsində bir çox hədəflərə qrafikdən əvvəl nail olunub

BP: "Şahdəniz-2" layihəsində bir çox hədəflərə qrafikdən əvvəl nail olunub Layihə üzrə işlərin 50% tamamlanıb
Energetika
30 Noyabr , 2015 17:57
BP: Şahdəniz-2 layihəsində bir çox hədəflərə qrafikdən əvvəl nail olunub

Bakı. 30 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-sentyabr ayları ərzində "Şahdəniz-2" mərhələsi çərçivəsində bir sıra hədəflərə qrafikdən əvvəl nail olunub. "Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin biznes əməliyyatları haqqında hesabatında qeyd olunub.

"Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 50% tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur. Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA ("AMEK/Tekfen/Azfen") sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir", - deyə hesabatda qeyd olunub.

Bildirilib ki, III rübdə layihə daha bir mühüm irəliləyişə nail olub – Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Sinqapurdan yola salınıb. Bu seksiyaların çəkisi ümimilikdə 10 800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. İnşası bitdikdən sonra bu yeni gəmi "Şahdəniz-2" sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.

Hesabata əsasən, Azərbaycanda 18 mindən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu ölkə vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi