​BP: Gürcüstan hökumətindən hələ heç bir müraciət daxil olmayıb

​BP: Gürcüstan hökumətindən hələ heç bir müraciət daxil olmayıb BP rəsmisinin sözlərinə görə, şirkət Bakı-Supsa kəmərinin yalnız texniki təhlükəsizliyinə cavabdehdir
Energetika
13 İyul , 2015 17:01
​BP: Gürcüstan hökumətindən hələ heç bir müraciət daxil olmayıb

Bakı. 13 iyul. REPORT.AZ/ "Bakı-Supsa boru xəttinin operatoru olaraq onu deyə bilərik ki, Qərb İxrac Boru Kəməri 16 ildir tam təhlükəsiz, səmərəli və etibarlı şəkildə Xəzər neftini Qara dənizə daşıyır. Operator kimi bizim bu kəməri təhlükəsiz, səmərəli və etibarlı istismar etmək öhdəliyimiz var ki, bunu bundan sonra da yerinə yetirəcəyik". Bunu "Report"a "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Bakı-Supsa kəmərinin Gürcüstan hissəsinin marşrutunun mümkün dəyişiklikləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

BP rəsmisinin sözlərinə görə, onlar yalnız kəmərin texniki təhlükəsizliyinə cavabdehdir: "Kəmərin yalnız texniki təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq. Onun qorunması, mühafizə olunması baxımından təhlükəsizliyini hökumətlər təmin edir".

T.Bayatlı həmçinin Gürcüstan hökumətinin Bakı-Supsa kəmərinin marşrutunun mümkün dəyişdirilməsi ilə bağlı BP-yə müraciət etmədiyini də açıqlayıb: "Bizə heç bir müraciət daxil olmayıb. Amma boru kəmərinin texniki təhlükəsizliyi və səmərəliliyi üçün lazım olan işlər - hissələrin, avadanlıqların dəyişdirilməsi, inspeksiya və texniki yararlılığın yoxlanması, monitorinq və profilaktik işlər proqramları müntəzəm olaraq həyata keçirilən prosesdir. Bir neçə ilə əvvəl boru kəmərinin istismarını 1 ildən çox dayandırdıq, profilaktik işlər apardıq və onun tam etibarlı və səmərəli istismarını təmin etdik. Hazırda da bu boru kəməri tam təhlükəsiz və beynəlxalq standartlara uyğun istismardadır". 

Xatırladaq ki, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kalaldze Bakı-Supsa boru kəmərinin işləməsi üçün problem yaranarsa, alternativ layihə həyata keçiriləcəyi ilə bağlı mediaya açıqlama verib. Qeyd edək ki, Gürcüstanın Tsxinvali bölgəsində tikanlı tellər bir neçə yüz metr də Gürcüstanın ərazisində içəriyə doğru çəkilib və nəticədə Bakı-Supsa neft kəmərinin bir hissəsi tanınmamış Cənubi Osetiyanın ərazisində qalıb.

Son xəbərlər

Orphus sistemi