​BP Azərbaycandakı layihələrini dayandırmaq fikrində deyil

​BP Azərbaycandakı layihələrini dayandırmaq fikrində deyil BP neftin ucuzlaşmasının Azərbaycandakı layihələrin icrasına təsir etməyəcəyini vurğulayır
Energetika
8 Dekabr , 2014 14:18
​BP Azərbaycandakı layihələrini dayandırmaq fikrində deyil

Bakı. 8 dekabr. REPORT.AZ/ Dünya neft bazarında son aylar müşahidə olunan qiymət böhranı BP şirkətinin yalnız gələcək layihələrinin icrasına mənfi təsir göstərə bilər. Bunu "Report"a BP-nin baş maliyyə meneceri Brayan Gilvarinin (Brian Gilvary) "The Sunday Times"a açıqlamasını şərh edən "BP-Azerbaijan"ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib: "Bunun BP-nin Azərbaycandakı fəaliyyətinə heç bir mənfi təsiri olmayacaq".

T.Bayatlının sözlərinə görə, BP-nin hazırda Azərbaycanda icrasına başlanan yalnız bir yeni layihəsi var: "Bu da "Şahdəniz-2" layihəsidir ki, onunla bağlı artıq investisiya qərarı ötən ilin dekabrında qəbul olunub".

BP-də çalışan işçilərin sayının azaldılmasının mümkünlüyü ilə bağlı məsələyə isə T.Bayatlı münasibət bildirməyib və B.Gilvarinin açıqlaması ilə bağlı məlumatdan xəbərsiz olması ilə əlaqələndirib.

Xatırladaq ki, ötən gün BP-nin baş maliyyə meneceri B.Gilvari "The Sunday Times" qəzetinə açıqlamasında neftin qiymətinin bu tempdə ucuzlaşması prosesinin davam edəcəyi təqdirdə, layihələrin dayandırıla biləcəyini və bəzi işçilərin işdən azad ediləcəyini bildirib.

Qeyd edək ki, "BP-Azerbaijan" şirkəti hazırda Xəzər dənizində "Azəri-Çıraq-Günəşli" yataqlarında neft, "Şahdəniz"in ilk mərhələsi çərçivəsində isə qaz hasilatı prosesində layihələrin operatoru kimi iştirak edir. Burada hasil olunan neft və qaz isə Bakı-Ceyhan və Bakı-Ərzurum boru kəmərləri vasitəsi ilə dünya bazarına çıxarılır.

Son xəbərlər

Orphus sistemi