"​BOTAŞ": Rusiyanın Türkiyə qaz bazarında təsiri azaldıla bilər

"​BOTAŞ": Rusiyanın Türkiyə qaz bazarında təsiri azaldıla bilər Azərbaycan və İrandan da təbii qaz alışı Türkiyənin qaz ehtiyacını ödəyəcək
Energetika
10 Oktyabr , 2015 12:24
​BOTAŞ: Rusiyanın Türkiyə qaz bazarında təsiri azaldıla bilər

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyə ilə Rusiya arasında gərginliyin artaсağı təqdirdə Türkiyə bazarında Rusiya qazının təsiri azaldıla bilər. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin "BOTAŞ" şirkətinin nümayəndəsi bildirib.

Şirkət rəsmisi qeyd edib ki, Rusiya ilə qaz ticarətində problem yaranarsa, Türkiyə maye qazın (LNG) payının artırılması ilə mənfi təsiri aradan qaldıra bilər.

Bundan başqa, gələcəkdə Azərbaycan və İrandan da təbii qaz alışı Türkiyənin qaz ehtiyacını ödəyəcək: "Trans-Anadolu boru kəmərinin (TANAP) 2018-ci ildə işə salınması ilə Azərbaycandan 6 mlrd. kubmetr əlavə qaz alınacaq. İlkin mərhələdə 16 mlrd. kubmetr qaz nəqlini nəzərdə tutan boru kəmərində bu həcmin 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Bu həcmin bir hissəsi Türkiyə bazarı, bir hissəsi isə Türkiyə üzərindən Avropa bazarı üçün nəzərdə tutulur. Bunda başqa, İrandan alınan illik 10 mlrd. kubmetr qazın 20 mlrd. kubmetrə çatdırılması gözlənilir. Şimali İraqdan da Türkiyəyə təbii qaz nəqli nəzərdə tutulur".

Qeyd edək ki, Rusiya təyyarələrinin Türkiyə hava sərhədini pozmasından sonra iki ölkə arasında siyasi gərginlik yaranıb.

Türkiyə bazarında Rusiya qazı 55% paya malikdir. Bu ölkədən ildə 27 mlrd. kubmetr qaz idxal edilir. Rusiya təbii qazı Türkiyəyə "Qərb" və "Mavi axın" boru xətləri ilə nəql olunur.

Türkiyənin ötən il İrandan qaz idxalı 8,9 mlrd. kubmetr, Azərbaycandan isə 6 mlrd. kubmetr olub. Türkiyə Əlcəzair və Nigeriyadan da maye qaz alır.

Son xəbərlər

Orphus sistemi