​Bakıda MDB ölkələrinin neft emalı və neft-kimya Həftəsi keçirilir

​Bakıda MDB ölkələrinin neft emalı və neft-kimya Həftəsi keçirilir Bununla bağlı Bakıda ikigünlük beynəlxalq neft-qaz konfransı işə başlayıb
Energetika
2 Dekabr , 2015 10:22
​Bakıda MDB ölkələrinin neft emalı və neft-kimya Həftəsi keçirilir

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu gün Bakıda MDB ölkələrinin neft emalı və neft-kimya Həftəsi çərçivəsində 19-cu konfrans işə başlayıb. "Report" xəbər verir ki, konfransın açılışında çıxış edən Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov ölkənin neft sənayesinin tarixindən, "Əsrin müqaviləsi"nin imzalanmasından, neft strategiyası və əldə olunan nailiyyətlərdən danışıb. 

Nazir müavini Qaradağ rayonunda tikintisi planlaşdırılan Neft-qaz emalı və neft -kimya Kompleksindən də danışaraq bildirib ki, bu kompleks istifadəyə verildikdən sonra daha böyük həcmdə məhsul istehsal olunacaq və böyük həcmdə məhsul ixrac etmək imkanı yaranacaq. 

"Kompleksin tikintisinin dəyəri təxminən 17 mlrd. dollar məbləğindədir. Artıq bu kompleks istifadəyə verildikdən sonra Bakının mərkəzindəki neft emalı zavodunun istismarı dayandırılacaq", - deyə G.Cavadov əlavə edib. 

Qeyd edək ki, tədbirin təşkilatçısı Dünya Neft Emalı Assosiasiyasıdır. Neft-qaz Həftəsi çərçivəsində dekabrın 1-də Bakı Neft Emalı Zavoduna baxış keçirilib. Bu gün işə başlayan konfrans isə dekabrın 3-də başa çatacaq. Konfransda SOCAR, "Azərikimya" İstehsalat Birliyi və Bakı Neft Emalı Zavodunun rəsmiləri də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi